Xəzər rayonunda “Qərbi Azərbaycan irsi” kitabın I cildinin təqdimatı keçirilib
30 iyul 2025-ci il tarixində Xəzər Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Qərbi Azərbaycan irsi” adlı kitabın I cildinin təqdimatı keçirilib. SİA xəbər verir ki, tədbirdə Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov, Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Hikmət Babaoğlu, Milli Məclisin Mədəniyyət Komitəsinin sədr müavini, deputat Günay Əfəndiyeva, YAP Veteranlar Şurasının üzvü, tarix elmləri doktoru Dilarə Seyidzadə, RİH başçısının müavinləri, YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov, RİH başçısı Aparatının şöbə müdirləri, Qərbi Azərbaycan İcmasının İdarə Heyyətinin üzvü, Zəngibasar rayon icmasının sədri Mirfaiq Mirheydərli, Qərbi Azərbaycan İcmasının üzvləri, tarixçilər, elm və mədəniyyət nümayəndələri, rayonun idarə, müəssisə və təşkilat rəhbərləri iştirak ediblər.
Zirə Mədəniyyət Mərkəzi – Eko-Parkda keçirilən tədbirdə qonaqlar öncə Ulu Öndər Heydər Əliyevin büstü önünə gül dəstələri düzərək dahi şəxsiyyətin əziz xatirəsini dərin ehtiramla yad ediblər.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi, Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canını qurban vermiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Sonra azərbaycanlıların deportasiyasına həsr olunmuş “Qərbi Azərbaycan irsi” tədqiqatlar seriyasından sənədli videoçarx nümayiş etdirilib. Videoçarxda Ermənistan ərazisində azərbaycanlılara məxsus tarixi abidələrin, qəbiristanlıqların, məscid və digər dini-mədəni obyektlərin məhv edilməsi faktları əyani şəkildə təqdim edilib.
Tədbirdə çıxış edən Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov Qərbi Azərbaycanın tarixən Azərbaycan xalqının ayrılmaz bir hissəsi olduğunu və bu irsin gələcək nəsillərə ötürülməsinin vacibliyini vurğulayıb. E.Salahov qeyd edib ki, bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən Qərbi Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində mühüm işlər görülür, ölkə rəhbərinin tövsiyəsi ilə Qərbi Azərbaycan ərazisində azərbaycanlıların tarixən yaratdığı dövlətçilik ənənələri, maddi və mənəvi irs, məruz qaldıqları tarixi ədalətsizliklər, cinayətlər haqqında davamlı tədqiqatlar aparılır. “Qərbi Azərbaycan İrsi” kitabı tariximizi sənədlərlə, faktlarla, mədəniyyət nümunələri ilə sübut edən qiymətli bir mənbə olduğunu vurğulayaraq, kitabın ərsəyə gəlməsində əməyi keçən hər kəsə dərin təşəkkürünü bildirib.
Çıxış edən digər natiqlər Qərbi Azərbaycan əhalisinin hüquqlarının müdafiəsi və tarixi torpaqlara dair sənədləşmənin əhəmiyyəti barədə söz açdılar. Kitabın elmi əsaslara söykəndiyini, arxiv materialları və mənbələrə əsaslandığını bildirərək, tarixi faktların obyektiv təqdimatının vacibliyi, həmçinin mədəni irsin qorunmasında bu cür nəşrlərin mühüm rol oynadığını vurğulayıblar. Oxşar layihələrin davamlı olmasının vacibliyini qeyd edən qonaqlar Qərbi Azərbaycandan deportasiya olunan insanların yaddaşlarda yaşadılmasının və onların mirasının tanıdılmasının vacib olduğunu bildirərək, kitabın bu baxımdan mənəvi dəyər daşıdığını diqqətə çatdırıblar.
Sonda “Qərbi Azərbaycan irsi” kitabının I cildi iştirakçılara təqdim olundu və qonaqlarla xatirə şəkilləri çəkilib.