Dünya

İranda oğurluğa görə məhkum edilmiş üç nəfərin barmaqları kəsilib


SİA-nın məlumatına görə, Daily Mail yazır ki, İranda bir neçə dəfə oğurluq edən üç məhkumun barmaqları məhkəmə qərarı ilə amputasiya edilib.

Mediada yayılan xəbərlərə görə, bu adamlar “peşəkar oğru” sayılırdı və dörd müxtəlif əyalətdə 40-dan çox şəxsi iddiaçıları var idi.

İran Ali Məhkəməsi bütün apellyasiya prosesləri başa çatdıqdan sonra hökmü qüvvədə saxlayıb.

Cəza baş barmaq istisna olmaqla, sağ əlin dörd barmağının kəsilməsi ilə həyata keçirilib.

İran tərəfinin bildirdiyinə görə, məhkumlar zərərçəkmişlərlə əməkdaşlıqdan imtina edib və oğurladıqları qiymətli əşyaları, əsasən qızıl-zinət əşyalarını qaytarmayıblar ki, bu da onlara daha yüngül cəza gözləməyə imkan verə bilərdi.

Beynəlxalq hüquq müdafiə təşkilatları hakimiyyətin hərəkətlərini tənqid edib. Xüsusilə hüquq müdafiəçiləri bildiriblər ki, məhkumların etirafları işgəncə altında alına bilərdi və məhkəmə prosesləri ədalətli məhkəmə standartlarına cavab vermir.

O da bildirilir ki, hökmdən sonra həmin şəxslər saxlanma şəraitinə və cəzanın özünə etiraz olaraq dəfələrlə aclıq aksiyası keçiriblər.

Əli Babayev