Turizm

Kazino turizmin inkişafına yeni imkanlar yarada bilər


“Sea Breeze” kimi dünya miqyaslı möhtəşəm istirahət mərkəzində kazinonun fəaliyyəti qeyri-leqal oyun biznesi və fırıldaqçılığa ciddi zərbə olardı

Azərbaycan beynəlxalq aləmə inteqrasiya prosesləri çərçivəsində dünya dövlətləri ilə iqtisadi, sosial əlaqələrini genişləndirib. Bu baxımdan demək olar ki, bu gün dünyanın əksər ölkələri ilə iqtisadi-ticarət əlaqələri mövcuddur və bu əlaqələr daim genişlənir. Qurulan və həyata keçirilən əlaqələrin inkişafında turizm sahəsində görülən işlər müsbət qiymətləndirilir. Nəzərə almaq lazımdır ki, dünyada bəzi ölkələrində turizm iqtisadiyyatın əsas inkişaf və gəlir istiqamətlərindən hesab olunur. Daha doğrusu iqtisadi sferada turizmin payı hər zaman yüksək dəyərləndirilir. Elə ölkələr misal olaraq göstərmək olar ki, yalnız turizmdən əldə olunan gəlir ən strateji sahələrdən qazanılan gəlirləri üstələyir. Təbii ki, turizmin inkişafını və xarici ölkələrdən turizm mərkəzlərinə marağı artırmağın bir neçə tələbləri mövcuddur. Yəni turizmin müxtəlif növlərinin, sağlamlıq, qış, mədəni, işgüzar, ekoturizm və kənd turizmi kimi növlərinin inkişafına nail olunmasıdır. Birmənalı şəkil də qeyd etmək olar ki, Azərbaycanda bu sahə də ciddi və əsaslı nailiyyətlər əldə olunub. Sadəcə bu sahənin inkişafı və müxtəlif əcnəbi turistlərin ölkəmizdə turizmə marağını daha da artırılması üçün bir neçə tələbləri, xüsusilə də kazino sənayesinin həyata keçirilməsinə zərurət var. Kazino sənayesinin yaradılması bir çox aspektlərdən böyük önəm daşıyır. Belə ki, kazinoların fəaliyyətə başlaması ölkəmizdən xaricə çıxarılan vəsaitlərin azalmasına səbəb olacaq, üstəlik iqtisadi inkişafa da təkan verəcək. Nəticədə həm ölkəmizdən xarici ölkələrin kazinolarına axan milyonlar ölkəmizdə qalacaq, həm turizm sektoru inkişaf edəcək, həm də minlərlə yeni iş yerləri yaradılacaq. Digər tərəfdən, ölkəmizdə kazinoların olmaması bir çox qumar həvəskarlarını onlayn oyunlara sövq edir. Bu isə bəzi hallarda vətəndaşların dələduzların qurbanına çevrilməsinə gətirib çıxarır. Məsələnin digər narahatlıq doğuran tərəfi isə bu cür qumar oyunlarından çirkli pulların yuyulması üçün istifadə olunmasıdır. Uzun illərdir ki, Azərbaycanda kazinoların fəaliyyəti dayandırılıb. Turistlər istirahət üçün gedəcəyi məkanı seçərkən daha çox əylənə biləcəkləri məkanlara üstünlük verirlər. Bu baxımdan ölkələr turizm mərkəzləri yaradarkən daha çox əyləncə vasitələrinə üstünlük verirlər. Bunların arasında kazinolar üstünlük təşkil etdiyini qeyd etsək səhv etmərik. Xarici turistlər, o cümlədən də bəzi azərbaycanlı həvəsakarlar arasında kazmo oyunlarına maraq böyükdür.

Gürcüstan kazinolarının əldə etdiyi gəlirlərin təxminən 20 faizi Azərbaycan vətəndaşlarının payına düşür

Azərbaycanlı həvəskarlar kazino oyunlarında iştirak etmək üçün xarici ölkələrə üz tuturlar. Xüsusilə də Azərbaycan vətəndaşları Gürcüstana gedirlər. Məlumatlara görə, Gürcüstan kazinolarının əldə etdiyi gəlirlərin təxminən 20 faizi Azərbaycan vətəndaşlarının payına düşür. Bundan əlavə, Kipr və Monteneqro kazinolarına üz tutan azərbaycanlıların sayı da yetərincə çoxdur. Ümumiyyətlə Gürcüstanda qumar oyunları geniş yayılıb. Bu ölkənin turizm sektorunda gəlirlərinin böyük həcmini kazino oyunlarından gələn gəlirlər təşkil edir. 2021-2022-ci illərdə Gürcüstanda qumar sektorunun dövriyyəsi 16,45 milyard avrodan 17,82 milyard avroya yüksəlib, 2024-cü il də isə kazino sektorunun dövriyyəsi 28 milyard ABŞ dolları olub. Qazaxıstanda da kazino biznesi ölkəyə xeyli gəlir gətirir. Rəsmi rəqəmlərə görə, 2023-cü ildə Qazaxıstanda qumar və mərc fəaliyyəti ilə məşğul olan mərkəzlərin ümumi gəliri 2,85 milyard ABŞ dollar təşkil edib. 2023-cü ildə Qazaxıstanın dövlət büdcəsinə kazinolardan 245 milyon dollar vergi ödənilib.

Özbəkistan da artıq 2025-ci ildə qumar oyunları üçün lisenziyalar verməyə başlayıb. Çünki rəsmi məlumata görə, 2023-cü ildə Özbəkistan vətəndaşları onlayn oyunlara təxminən 1 milyard dollar xərcləyiblər. Qeyri-rəsmi hesablamalara görə isə bu rəqəm 7-8 milyard dollardır. Özbəkistanda kazinolar leqallaşdırıldıqdan sonra bu sahədən əldə olunan illik gəlirin 2 milyard dollara çatacağı proqnozlaşdırılır.

2023-cü ildə Rusiyada kazino sənayesinin ümumi gəliri təxminən 2,1 milyard avro təşkil edib. Hətta BƏƏ-də uzun illər qadağan olan kazinoların fəaliyyətinə icazə verilir, 2027-ci ildə ilk kazinonun açılması gözlənilir. Çində isə xüsusi ərazidə – Makaoda kazinoya icazə verilir və burada 30-dan artıq kazino var. 700 min nəfər əhalisi olan Makaoda (Çin) 2024-cü ildə yalnız kazino sektorundan əldə edilən gəlir 28,3 milyard ABŞ dolları təşkil edib. Bu göstərici xüsusi inzibati bölgənin ÜDM-nin təxminən 40 %-nə, dövlət büdcəsinin isə 50 %-nə bərabərdir. Sinqapur, Filippin, Monako və Kamboca kimi digər ölkələr də kazinolarda oynamaq üçün bu ölkələrə gələn turistlərdən əhəmiyyətli gəlir əldə edirlər.

Nəzərə almaq lazımdır ki, qlobal kazino sənayesinin ümumi dövriyyəsi yarım trilyon dollardır və bu rəqəmin ilbəil artması proqnozlaşdırılır. 2023-cü ildə bazar 540 milyard dollar olub, 2024-cü ildə isə 580 milyard dollara yüksəlib. 2028-ci ilə qədər dövriyyənin həcminin 745 milyard dollara çatacağı proqnozlaşdırılır. Qumar sektorunun leqallaşdırılması və effektiv tənzimlənməsi bir sıra ölkələrdə özünü doğrultmuş uğurlu iqtisadi model kimi çıxış edir. Məsələn, 700 min nəfər əhalisi olan Makaoda (Çin) 2024-cü ildə yalnız kazino sektorundan əldə edilən gəlir 28,3 milyard ABŞ dolları təşkil edib. Bu göstərici xüsusi inzibati bölgənin ÜDM-nin təxminən 40 %-nə, dövlət büdcəsinin isə 50 %-nə bərabərdir.

Mütəxəssislərin fikrincə, kazinoların fəaliyyətə başlamasının Azərbaycana gələn turist sayına böyük təsiri olacaq. Azərbaycanda bu əyləncə növünə maraq göstərənlər uzun illərdir ki, xarici ölkələrə üz tuturlar. Bu isə milyonlarla manat vəsaitin xaricə axması deməkdir. Digər tərəfdən, ölkəmizdə kazinoların olmaması bir çoxlarını onlayn oyunlara sövq edir ki, bu da bir çox hallarda vətəndaşların dələduzların qurbanına çevrilməsinə gətirib çıxarır. Ona görə də bu sahə ilə bağlı hüquqi bazanın formalaşması ilə dövlət büdcəsinə əlavə gəlirlərin yeni bir mənbəyi açılmış olar.

Dünyanın bəzi yerlərində kazino sektoru şəhərlərin əsas iqtisadi dayağıdır. Hazırda yalnız Las Veqas və Makao deyil, həmçinin Filippin, Cənubi Koreya, Monako, Malta və Gürcüstan kimi ölkələr də kazino infrastrukturu vasitəsilə xarici investisiyaları cəlb edir, turizm sektorunu stimullaşdırır və büdcə gəlirlərini artırır. Kazino sənayesi sayəsində dövlət büdcəsinə stabil və yüksək məbləğdə vergi axını təmin edilir. Bu gəlirlər sosial və infrastruktur layihələrin icrasına yönəldilə bilər.

Bir dəfə ölkəmizə gələn xarici turist kazinoların olmadığını əsas gətirərək ikinci dəfə Azərbaycana səfər etməkdən imtina edir

Reallıq ondan ibarətdir ki, xarici turistlər bir dəfə ölkəmizə səfər edir və kazinoların olmadığını əsas gətirərək ikinci dəfə Azərbaycana səfər etməkdən imtina edirlər. Yəni xarici turistlər kazino oyunlarının keçirildiyi digər ölkələri seçirlər. Bu isə ölkə vətəndaşları ilə yanaşı xarici turistlərdən cəlb olunmalı olan vəsaitlərin itirilməsi deməkdir. Ölkəmizdə kazinoların olmaması ən çox da iqtisadi gəlirlərə təsir edir. Azərbaycanda kazinoların açılması dövlət büdcəsinə əlavə vergi gəlirləri gətirə bilər. Qumar biznesi lisenziyalaşdırılıb, dövlətin tam nəzarəti altına alındıqdan sonra, həm lisenziya haqları, həm də dövriyyədən alınan vergilər vasitəsilə ciddi maliyyə vəsaiti toplamaq mümkündür. Bu vəsaitin bir hissəsi sosial layihələrin maliyyələşdirilməsinə, infrastrukturun yaxşılaşdırılmasına və digər prioritet sahələrin inkişafına yönəldilə bilər. Məsələn, Böyük Britaniyada bu gəlir illik 20 milyard, İtaliyada 15 milyard, Niderlandda isə 4 milyard ABŞ dolları civarındadır. Kazinoların leqallaşdığı Gürcüstan (2001-ci ildən) illik 100-150 milyon, Rusiya (2009-cu ildən) isə 20-30 milyon dollar civarında vergi gəlirləri əldə edib. Oxşar model Azərbaycanda da tətbiq edilərsə, illik milyonlarla manat həcmində gəlir qazanmaq mümkündür

Müsbət hal olaraq qiymətləndirlən məqam ondan ibarətdir ki, Azərbaycan Prezidenti İlham Əliyev Mülki, Cinayət, İnzibati Xətalar Məcəllələrinə, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında”, “Dövlət rüsumu haqqında”, “Reklam haqqında”, “Lisenziyalar və icazələr haqqında”, “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” və “Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində süni torpaq sahələrinin yaradılması haqqında” qanunlara dəyişiklikləri təsdiqləyib.

Bundan əlavə, Nazirlər Kabinetinə qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla, kazino oyunlarının təşkili və keçirilməsi ilə bağlı normativ hüquqi aktların təkmilləşdirilməsinə dair təkliflərini altı ay müddətində hazırlayıb Azərbaycan Prezidentinə təqdim etmək tapşırılıb. Bütün bunlar Xəzər dənizinin Azərbaycana mənsub olan bölməsində süni torpaq sahələrində kazino oyunları təşkil edilməsinə imkanlar yaradacaq.

Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı fərmanla Xəzər dənizinin (gölünün) ölkəmizə mənsub bölməsində süni torpaq sahələrində kazino oyunlarının təşkili üçün lisenziyaların verilməsi səlahiyyəti Dövlət Turizm Agentliyinə həvalə olundu. Bu qərar oyun biznesinin tənzimlənməsi ilə yanaşı turizm strategiyasının yeni mərhələyə keçidi baxımından əhəmiyyətli bir dönüş nöqtəsidir

Söz yox ki, Azərbaycanın Xəzəryanı ərazilərdə xarici turistlər üçün kazinoların yaradılması müsbət nəticələr verə bilər. Bu isə turizmin inkişaf etdirlməsi ilə yanaşı dövlət büdcəsinə gəlirlərin daxil olmasına yeni imkanlar yaradar. Xüsusilə də Xəzəryanı ərazi də yardılan“Sea Breeze” kimi dünya miqyaslı möhtəşəm istirahət mərkəzində kazinonun fəaliyyəti qeyri-leqal oyun biznesi və fırıldaqçılığa ciddi zərbə olardı.Həmi də bu ərazilərə, Rusiya, Türkiyə, İran, Qazaxıstan və Körfəz ölkələrindən gələn qısamüddətli və yüksək gəlirli ziyarətçilərin ölkəmizə turist olaraq gəlməsinin sayı artar.

Milli Məclisin deputatı Vüqar Bayramov hesab edir ki, son illər müxtəlif alətlər, eləcə də, kazinolar vasitəsilə fərqli dövlətlərdə gəlmə turizmin təşviq edilməsi müşahidə olunur: “Bu, turizm sektorunda daxilolmalara birbaşa təsir etməklə yanaşı, gəlmə turizmi təşviq edir. Hazırda qlobal kazino sənayesinin ümumi dövriyyəsi yarım trilyon dollardan çoxdur. Son illər bu sahədə artım dinamikası müşahidə olunmaqla yanaşı, proqnozlar da trendin davam edəcəyindən xəbər verir. Belə ki, 2023-cü ildə kazino sənayesinin gəlirləri 540 milyard dollar olub, 2024-cü ildə isə 580 milyard dollara yüksəlib. 2028-ci ilə qədər dövriyyənin həcminin 745 milyard dollara çatacağı proqnoz edilir”.

Deputat bildirib ki, Azərbaycana gələn turistlərin sayındakı artım turizm infrastrukturunun daha da inkişaf etdirilməsini, əlavə istirahət və əyləncə obyektlərinin açılmasın daha da aktuallaşdırıb. Bir çox turizm ölkələri kimi Azərbaycanda da kazinoların fəaliyyətinə icazə verilməsi bu addımlardan biri ola bilər. Gürcüstanda bu sahədəki vəziyyətə toxunan deputat söyləyib ki, bu ölkənin turizm gəlirlərinə görə Azərbaycandan irəlidə olmasının əsas səbəblərindən biri məhz kazino biznesinin leqallaşdırılmasıdır. Onun sözlərinə görə, Gürcüstan kazinolarının gəlirlərinin əhəmiyyətli hissəsi xarici müştərilərdən, həmçinin, Azərbaycandan səfər edən turistlərdən daxil olur”.

İqtisadçı ekspert Asif İbrahimov isə bildirib ki, son illərdə turizmin inkişafı Azərbaycanın iqtisadi prioritetlərindən biri kimi ön plana çıxır. Bu baxımdan kazinoların açılması məsələsi cəmiyyətin müxtəlif təbəqələrində və iqtisadi dairələrdə maraq doğuran mövzulardandır. Bu addım bir sıra sahələrdə ölkə iqtisadiyyatına müsbət təsir göstərə bilər.

Asif İbrahimovun sözlərinə görə, ilk növbədə, kazinoların fəaliyyəti turizm sektorunu canlandıra bilər: “Dünyada bir çox ölkə məhz bu yolla xarici turist cəlb edərək, iqtisadiyyatına böyük həcmdə valyuta axını təmin edir. Azərbaycanda da belə bir təcrübənin tətbiqi, xüsusilə qonşu ölkələrdən – Rusiya, İran, Türkiyə və Orta Asiya ölkələrindən gələn turistlərin sayını artırmaqla nəticələnə bilər. Bu da öz növbəsində hotellər, istirahət mərkəzləri, restoran və digər xidmət sahələrinin inkişafına təkan verər. Bununla yanaşı, kazinoların leqallaşdırılması dövlət büdcəsinə vergi daxilolmalarını artırmaq baxımından da əhəmiyyətlidir. Kazino sektorunda fəaliyyət göstərən müəssisələrdən alınacaq rüsumlar və vergilər, həm mərkəzi, həm də yerli büdcələrə əlavə gəlir gətirə bilər. Bu isə sosial layihələrin maliyyələşdirilməsi və infrastrukturun təkmilləşdirilməsi baxımından yeni imkanlar yarada bilər.

Kazinoların açılması həmçinin məşğulluğun artırılmasına səbəb ola bilər. Bu sahədə minlərlə insan – o cümlədən menecerlər, xidmət işçiləri, təhlükəsizlik əməkdaşları və texniki heyət – işlə təmin oluna bilər. Bununla bərabər, kazinoların fəaliyyəti nəqliyyat, tikinti, qida və digər əlaqəli sahələrdə də iqtisadi aktivliyi artıracaqdır. Nəhayət, belə bir addım ölkədə infrastrukturun inkişafına da töhfə verə bilər. Kazino komplekslərinin tikintisi və onların ətrafında yaradılacaq istirahət zonaları, yollar, xidmət obyektləri və digər infrastruktur layihələri ümumi iqtisadi inkişafı stimullaşdıra bilər”.

Azərbaycanda bu fəaliyyət yalnız süni şəkildə yaradılmış torpaq sahələrində və əsasən xarici turistlər üçün nəzərdə tutulur

Əksər ölkələrdən fərqli olaraq, Azərbaycanda bu fəaliyyət yalnız süni şəkildə yaradılmış torpaq sahələrində və əsasən xarici turistlər üçün nəzərdə tutulmuş məhdud formatda həyata keçiriləcək. Bu isə həm coğrafi, həm də demoqrafik məhdudiyyətlərin tətbiqi deməkdir. Hazırkı qanunvericilik dəyişiklikləri bu sahədə ciddi nəzarət və tənzimləmə mexanizmlərinin formalaşdırılmasını nəzərdə tutur. Məsələn, 21 yaşa qədər şəxslərin pul uduşlu oyunlara buraxılması qadağandır. Bu mühafizəkar və ehtiyatlı yanaşma, eyni zamanda həssas sosial qrupların qorunmasına xidmət edir. Dəyişikliklərin ən mühüm elementlərindən biri – kazino fəaliyyətinin yalnız süni torpaq sahələrində təşkilinə icazə verilməsidir. Bu, istər sahənin coğrafi izolyasiyasını təmin edir, istərsə də onun nəzarətdə saxlanmasını asanlaşdırır. Quru (materik) ərazidə kazino fəaliyyətinə icazə verilmir və bu, hələ də qüvvədə olan 27 yanvar 1998-ci il tarixli “Azərbaycan Respublikasında iqtisadi cinayətkarlığa qarşı mübarizə sahəsində bəzi tədbirlər haqqında” Prezident sərəncamına əsaslanır. Sərəncamda ölkə ərazisində pul uduşlu oyunlara qarşı sərt tədbirlərin görülməsi tapşırılır. Bu səbəbdən, qəbul edilən dəyişikliklər heç bir halda ənənəvi və ya virtual qeyri-qanuni kazinoların leqallaşdırılması demək deyil. Əksinə, bu addımlar həmin qanunsuz fəaliyyətlərə qarşı mübarizəni daha da sərtləşdirmək məqsədi daşıyır. Eyni zamanda, kazino fəaliyyəti ciddi lisenziyalaşma rejimi altında təşkil ediləcək. Bu məqsədlə yüksək məbləğdə – hər il təkrar ödənilməklə 340 min manat – dövlət rüsumu müəyyən edilib. Bu məbləğ digər icazə tələb olunan fəaliyyət sahələri ilə müqayisədə rekord göstəricidir və dövlətin bu sektora məhdudlaşdırıcı münasibətinin daha bir göstəricisidir. Qanunvericiliyə əsasən, kazino təşkilatçıları hüquqi şəxs qismində mənfəət vergisinə cəlb olunacaqlar. Hazırda Vergi Məcəlləsinə uyğun olaraq, mənfəət vergisi 20 %, fiziki şəxslərin gəlir vergisi isə 14 % təşkil edir. Lakin ekspertlər hesab edirlər ki, bu gəlirlər klassik əmək fəaliyyətindən fərqli olaraq riskə əsaslanan qazanc formasıdır və bu səbəbdən onlara daha yüksək – 30-40 % arası diferensial vergi dərəcələrinin tətbiqi məqsədəuyğun olardı. Bu yanaşma həm də sosial ədalət prinsipinə uyğun olaraq yüksək gəlirli şəxslərin dövlət büdcəsinə daha böyük töhfə verməsini təmin edə bilər. Diferensial vergi sistemində 1 000 manata qədər olan uduşlara 15 %, daha yüksək məbləğlərə isə mütərəqqi şəkildə 25-30 % və daha artıq vergi dərəcələrinin tətbiqi mümkündür. Bu yanaşma həm sosial ədalət prinsipinə uyğundur, həm də yüksək gəlirli oyunçuların dövlət büdcəsinə daha çox töhfə verməsini təmin edə bilər.

Rəsmi statistikaya əsasən, 2024-cü ildə Azərbaycana gələn əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin sayı 2,63 milyon nəfərə çatıb. Bu, əvvəlki illə müqayisədə 26 %-lik artım deməkdir. Yalnız 2025-cü ilin ilk yarısında ölkəmizə 178 ölkədən 1 milyon 217,4 min nəfər əcnəbi və vətəndaşlığı olmayan şəxs səfər edib. Bu dinamika Azərbaycanın beynəlxalq turizm bazarında getdikcə daha cəlbedici məkan olduğunu göstərir. Kazino sektorunun leqallaşdırılması Azərbaycanın qeyri-neft iqtisadiyyatında yeni və dayanıqlı gəlir mənbələrinin formalaşdırılması məqsədilə atılmış strateji addımdır. Lakin bu proses yalnız güclü dövlət nəzarəti, şəffaf hüquqi mexanizmlər və ictimai maraqların qorunması kontekstində həyata keçirilməlidir.

İLHAM ƏLİYEV