Dünya

81 il əvvəl Varşavada üsyanı başlamışdı…





Üsyançılar çox üstün düşmən qüvvələrinə qarşı 63 gün vuruşdular.



…1944-cü il avqustun 1-də saat 17.00-da Varşavada alman işğalçılarına qarşı üsyan başladı. Başlanğıc əmrini Daxili Ordunun baş komandanı, general Tadeuş “Bur” Komorovski verib.

SİA-nın məlumatına görə, təxminən 40-50 min yeraltı döyüşçü silahlı mübarizəyə qalxdı, məqsədi Polşanın tam müstəqilliyini – nasist işğalı və Sovet təsiri olmadan bərpa etmək idi. Polşa radiosu xəbər verir ki, qiyam cəsarət simvoluna çevrildi, lakin böyük itkilərə və paytaxtın demək olar ki, tamamilə dağıdılmasına səbəb oldu.

Üsyançılar əvvəldən ciddi silah çatışmazlığı ilə üzləşdilər. Hadisələrin iştirakçılarından biri, “Saqan” ləqəbli Vitold Qembicz xatırladıb ki, qiyam günü onun 15 yaşı var idi və hazırlıqlara baxmayaraq, silahlar minimal səviyyədə qalıb. Onun sözlərinə görə, bir gün əvvəl alman qoşunları arasında narahatlıq var idi, lakin döyüş başlayan gün onlar artıq hazır idilər.

Daxili Ordu rəhbərliyi irəliləyən Qırmızı Ordunun dəstəyinə ümid edirdi, lakin sentyabrda əlaqə yaratmaq cəhdləri uğursuz oldu – Polşa radioqramları cavabsız qaldı.

Üsyan 63 gün davam etdi və ağır itkilərlə müşayiət olundu.

18 minə yaxın qiyamçı öldü, 25 mini yaralandı. Varşavanın mülki əhalisi xüsusilə ağır itki verdi – 180 minə yaxın insan öldürüldü.

Üsyanın yatırılmasından sonra şəhərin yarım milyona yaxın sakini deportasiya edildi, Varşavanın özü isə sistematik şəkildə məhv edildi – 1945-ci ilin yanvarında sovet qoşunları gələnə qədər alman bölmələri binaları partladıb, infrastrukturu dağıdıb. 15 mindən çox üsyançı, o cümlədən iki minə yaxın qadın əsir götürüldü.

Əli Babayev