Azərbaycanda “Startap” şəhadətnaməsi almış sahibkarların sayı 220-yə çatıb
İqtisadiyyat Nazirliyinin tabeliyindəki Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) daha 5mikro və kiçik sahibkara “Startap” şəhadətnaməsi verib. SİA KOBİA-ya istinadən xəbər verir ki, bununla da “Startap” şəhadətnaməsi almış sahibkarların sayı 220-yə çatıb.
“Startap” şəhadətnaməsinin verilməsi üzrə Ekspertlər Şurasının növbəti iclasında KOB subyektlərindən daxil olmuş 14 müraciətə baxılıb. Şuranın qərarına əsasən “Steamland Factory” MMC-nin süni intellekt sistemləri üçün məlumat (data) infrastrukturu xidməti, “Mənzil Park” MMC-nin yaşayış kompleksləri və binaların idarəedilməsi üçün onlayn platforması, “Nooshcard” MMC-nin işçi heyəti üçün rəqəmsal yemək kartı həlli, “Adscreen” MMC-nin taksi sərnişinləri üçün rəqəmsal reklam platforması və “Onrepetitor” MMC-nin onlayn tədris və hazırlıq platforması layihələrinə “Startap” şəhadətnamələri verilib.
“Startap” şəhadətnaməsi KOB subyektlərini şəhadətnaməni aldıqları tarixdən etibarən innovasiya fəaliyyətindən əldə etdikləri gəlirlər üzrə mənfəət və ya gəlir vergisindən 3 il müddətinə azad edir.
Layihələri inkişaf mərhələsində olan mikro və kiçik sahibkarlıq subyektləri “Startap” şəhadətnaməsi üçün KOBİA-ya müraciət edə bilərlər. Müraciət üçün ərizə forması və lazım olan digər sənədlər, eləcə də müvafiq meyarlarla bağlı ətraflı məlumatla https://smb.gov.az/az/nav/startap-sehadetnamesi keçid linki vasitəsilə tanış olmaq olar. Həmçinin, “Startap” şəhadətnaməsi ilə bağlı sualı olan KOB subyektləri KOBİA-nın 131 Çağrı Mərkəzinə müraciət edə bilər.