Sosial

“Valideyn münasibəti uşağın psixologiyasını formalaşdırır”


“Azərbaycanda bir çox ailələr belə düşünür ki, əgər uşağın qarnı toxdursa, geyimi təmizdirsə, bu, onun üçün kifayət qədər yaxşı uşaq həyatı deməkdir”. Bu sözləri SİA-ya açıqlamasında psixoterapevt Aynur İsmayılova deyib.

Onun fikirlərinə görə, uşaq üçün yalnız fiziki rahatlıq – yəni yemək, təmizlik və maddi təminat onun xoşbəxt və sağlam böyüməsi üçün yetərli deyil: “Oyuncaqların çoxluğu və ya müasir şəraitdə yaşamaq da uşağın emosional ehtiyaclarını tam qarşılamır.

Əslində, uşağın psixoloji və emosional inkişafı üçün ən vacib amillərdən biri valideynlərin ona göstərdiyi münasibətdir. Ana və atanın uşaqla göz təması qurması, onunla səmimi vaxt keçirməsi, diqqət ayırması, həmçinin ana və atanın bir-birinə qarşı olan hörmətli və sağlam münasibəti uşağın psixikasında dərin izlər buraxır. Uşaq ailədə gördüyünü öyrənir, davranış modellərini, özünü ifadə etmə tərzini, hətta özünə inamını bu münasibətlər üzərindən formalaşdırır.

Uşaqlar gələcəkdə cəmiyyətə, dostlarına, məktəbə və ümumilikdə sosial çevrəyə münasibətini məhz ailədə aldığı ilk təcrübələrə əsaslanaraq qururlar. Onun özünə güvəni, öz yerini tapmaq bacarığı, başqaları ilə sağlam ünsiyyət qurması birbaşa ailədəki münasibətlərin məhsuludur. Əgər uşaq valideynindən müsbət nümunə alırsa, bu, onun gələcəkdə psixoloji cəhətdən sağlam və balanslı bir şəxsiyyət kimi formalaşmasına şərait yaradır”. Eyni zamanda psixoloq bildirib ki, unutmaq olmaz ki, uşaqların nə geyindiyi, nə yediyi zamanla unudula bilər, amma valideynin ona göstərdiyi münasibət, sevgi, diqqət, dəstək – bunlar uşağın yaddaşında daim qalır və onun gələcək həyatına istiqamət verir.

Bu səbəbdən valideynlər bir mənalı şəkildə övladlarına qarşı münasibətlərinə hər zaman nəzarət etməli, onlarla mütəmadi göz təması qurmalı, fiziki və emosional ünsiyyət saxlamalıdırlar. Eyni zamanda, valideynlər uşaq üçün sağlam avtoritet – yəni həm sevgi dolu, həm də prinsipial və nüfuzlu bir model olmalıdırlar. Sağlam psixologiyaya sahib valideynin davranışı uşağa güvən verir və nəticədə cəmiyyət üçün faydalı, özünə inanan, məsuliyyətli bir şəxsiyyət yetişir.