ABŞ-da 4 nəfər təyyarə qəzasının qurbanı olub
ABŞ-ın Arizona ştatında xəstələrin daşınması üçün istifadə edilən kiçik təyyarənin qəzaya uğraması nəticəsində 4 nəfər ölüb. SİA xarici KİV-ə istinadən xəbər verir ki, bölgənin yerli qəbilələrindən biri olan Navajo Nation polisi “Facebook”da bildirib ki, qəza Çinle ərazisi yaxınlığında yerli vaxtla günorta radələrində baş verib.
Açıqlamada yaxınlıqdakı xəstəni daşımaq üçün yola çıxan təyyarənin eniş zamanı qəzaya uğraması nəticəsində 4 nəfərin öldüyü qeyd edilib. Federal Aviasiya Administrasiyası təyyarədə iki pilot və iki tibb işçisinin olduğunu bildirib. ABŞ Milli Nəqliyyat Təhlükəsizliyi Şurası təyyarənin “Beechcraft” tipli olduğunu və qəza ilə bağlı araşdırmaya başlanıldığını bildirib.