Siyasət

“Bu gün həmin reallıq artıq tarixə çevrilib”


“Azərbaycan mühüm bir tarixi zəfərə imza atıb. Bu zəfərin qazanılmasından artıq beş ilə yaxın bir müddət keçir. Ötən il baş verən hadisələr isə bir daha göstərdi ki, Azərbaycan yalnız hərbi sahədə deyil, həm də diplomatik müstəvidə ciddi nailiyyətlər əldə edə bilib. Ordumuzun döyüş meydanında qazandığı uğurlar diplomatik masada da uğurla qorundu və bu nailiyyətlər hüquqi müstəvidə möhkəmləndirildi”. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu bildirib.

Deputat qeyd edib ki, bu baxımdan, biz artıq tarixi zəfərimizin sadəcə hərbi aspektləri ilə yox, həm də onun nəticələrinin davamlılığı və gələcək təsirləri ilə maraqlanmalıyıq: “Zəfərin beş illiyi ərəfəsində bu qələbəni yalnız retrospektiv yox, həm də strateji baxış bucağından qiymətləndirmək vacibdir. Zəfərimiz təkcə 2020-ci ildəki hərbi qələbə ilə məhdudlaşmır – sonrakı dövrdə ölkəmizin həyata keçirdiyi tədbirlər bu uğurun davamlı olduğunu sübut etdi. Xüsusilə, 2023-cü ilin sentyabr ayında həyata keçirilən lokal xarakterli antiterror tədbirləri Azərbaycanın suveren hüquqlarının tam bərpası baxımından mühüm mərhələ oldu.

Bununla yanaşı, Azərbaycanın işğaldan azad edilmiş ərazilərdə apardığı quruculuq işləri, Qarabağ və Şərqi Zəngəzurun yenidən bərpası həm iqtisadi, həm də strateji baxımdan xüsusi əhəmiyyət daşıyır. Bu ərazilərin yenidən ölkə iqtisadiyyatına inteqrasiyası, orada həyatın bərpası və əhalinin geri dönüşü dövlətin planlı və uzaqgörən siyasətinin göstəricisidir. Bütün bu proseslər birlikdə göstərir ki, xalqımızın əldə etdiyi zəfər son iki əsrlik tariximizdə analoqu olmayan bir hadisədir. Bu, sadəcə bir uğur yox, həm də möcüzə kimi qiymətləndirilə bilər. Çünki biz çox zaman ağılın qəbul edə bildiyi hadisələri reallıq, ağlın dərk etməkdə çətinlik çəkdiyi hadisələri isə möcüzə adlandırırıq. Heç kim düşünə bilməzdi ki, vaxtilə, təqribən 200 il əvvəl Qarabağ və Xankəndinə köçürülmüş erməni əhali bu torpaqlardan tamamilə çıxacaq və bölgə Azərbaycan dövlətinin suveren idarəçiliyinə qayıdacaq.

Bu gün həmin reallıq artıq tarixə çevrilib və Azərbaycan öz torpaqlarında ərazi bütövlüyünü tam bərpa edərək güclü, suveren dövlət kimi regionda söz sahibinə çevrilib. Bu, yalnız bir savaşın deyil, eyni zamanda bir xalqın iradəsinin, bir dövlətin milli həmrəyliyinin və liderliyinin təntənəsidir”.