Cinayətlər təşkil etməkdə ittiham olunan şəxsə hökm
Dövlətin konstitusion quruluşuna qarşı cinayətlər təşkil etməkdə ittiham olunan İmamverdi Əhmədovun barəsində Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başlanılmış cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. SİA-nın məlumatına görə, Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Dadaş İmanovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, İmamverdi Əhmədov cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 10 il müddətinə azadlıqdan məhrum edilib.
İ.Əhmədovun Cinayət Məcəlləsinin 28,278.2-ci (Azərbaycan Respublikasının konstitusiya quruluşunun, o cümlədən onun dünyəvi xarakterinin zorla dəyişdirilməsinə və ya ərazi bütövlüyünün parçalanmasına, yaxud hakimiyyətin zorla ələ keçirilməsinə yönələn hərəkətlərin dini düşmənçilik, dini radikalizm və ya dini fanatizm zəminində törədilməsinə yönələn hazırlıq hərəkətləri etmə) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin ibtidai istintaqı DTX-də aparılıb.
Belə ki, ittihama əsasən, İ.Əhmədov 2023-cü ilin aprel ayından etibarən özü ilə eyni radikal dini əqidəyə malik şəxsləri ətrafına toplamaq, Azərbaycan ərazisində iğtişaşlar törətmək, hakimiyyət nümayəndələrinə qarşı zorakılıq hərəkətləri etməklə ölkə ərazisində konstitusiya quruluşunun zorakı yollarla dəyişdirilməsi və eyni məqsədlə müxtəlif şəxslərə silahlı təlimlər təşkil edilməsi istiqamətində fəaliyyət göstərmiş və DTX tərəfindən keçirilmiş əməliyyat tədbirlər zamanı cinayət əməllərinin qarşısı alınaraq saxlanılıb.