Yeni geosiyasi reallıqların təntənəsi TƏHLİL
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bu gün – avqustun 6-da ABŞ-a səfəri yalnız Azərbaycan-Amerika ikitərəfli münasibətləri baxımından deyil, həm də regional sabitlik və qlobal təhlükəsizlik kontekstində xüsusi əhəmiyyət kəsb edir. Səfər Birləşmiş Ştatların Prezidenti Donald Trampın rəsmi dəvəti ilə gerçəkləşir və bu baxımdan tarixi xarakter daşıyır. Prezidentlər arasında yüksəksəviyyəli danışıqlarda siyasi, iqtisadi və təhlükəsizlik sahələrində əməkdaşlığın genişləndirilməsi, enerji və nəqliyyat layihələri üzrə strateji tərəfdaşlığın möhkəmləndirilməsi, eyni zamanda, Cənubi Qafqazda sülh prosesinin irəlilədilməsi kimi məsələlərin müzakirə olunacağı gözlənilir. Səfər, həmçinin Azərbaycanın beynəlxalq nüfuzunun artması və regionda balanslı, eyni zamanda, proaktiv xarici siyasət kursunun davam etdirilməsi baxımından mühüm mərhələ kimi dəyərləndirilməlidir. Tərəflər arasında konkret razılaşmalar əldə ediləcəyi təqdirdə, bu, həm regional sabitlik və dayanıqlı əməkdaşlıq üçün yeni imkanların yaranmasına, həm də ABŞ-Azərbaycan münasibətlərinin keyfiyyətcə yeni mərhələyə keçməsinə səbəb ola bilər.
Səfərin strateji əhəmiyyətini müəyyən edən əsas məqamlardan biri də onun iki əsas istiqamət üzrə formalaşmasıdır: bir tərəfdən Azərbaycan və ABŞ arasında ikitərəfli siyasi, iqtisadi və təhlükəsizlik əlaqələrinin dərinləşdirilməsi, digər tərəfdən isə Azərbaycanla Ermənistan arasında davam edən sülh gündəliyinin müzakirəsi. SİA bu tarixi səfərin mahiyyətini və onun doğura biləcəyi diplomatik nəticələri təhlil edərək ictimaiyyətə çatdırır.
Azərbaycan-ABŞ ikitərəfli əlaqələri: Yeni strateji müttəfiqlik modeli
Son zamanlar Azərbaycan ilə Birləşmiş Ştatlar arasında münasibətlər təkcə ənənəvi diplomatik əməkdaşlıq çərçivəsində inkişaf etməklə kifayətlənmir, eyni zamanda, keyfiyyətcə yeni – strateji müttəfiqlik səviyyəsinə yüksəlməkdədir. Xüsusilə Donald Trampın ikinci prezidentliyi dövründə Vaşinqtonun Cənubi Qafqaz siyasətində Azərbaycanın rolu daha da ön plana çıxıb. Enerji təhlükəsizliyi, regional sabitlik və antiterror əməkdaşlığı kimi sahələrdə qarşılıqlı maraqların artması bu iki ölkə arasında münasibətlərin daha dərin və qarşılıqlı etimada əsaslanan bir platformaya keçməsini şərtləndirib. Hazırkı səfər də məhz bu yüksələn dinamikanın davamı və yeni strateji mərhələnin əsasını qoya biləcək mühüm siyasi addım kimi qiymətləndirilməlidir.
Donald Tramp–İlham Əliyev dialoqu: Qarşılıqlı etimada əsaslanan siyasi münasibətlər
Prezident İlham Əliyev 2024-cü ilin yayında Şuşada təşkil olunan Qlobal Media Forumunda ABŞ-da keçiriləcək prezident seçkilərinə dair suala cavab verərkən Donald Tramp haqqında səsləndirdiyi müsbət fikirlərlə strateji baxışını və Vaşinqtonda baş verən siyasi proseslərə obyektiv yanaşmasını nümayiş etdirmişdi. Dövlətimizin başçısı İlham Əliyev Trampın prezidentliyi dövründə ABŞ-ın yeni hərbi münaqişələrə qoşulmamasını, ailə və ənənəvi dəyərlərə verdiyi önəmi xüsusi vurğulayaraq, onun daxili və xarici siyasətindəki sabitlik amilinə diqqət çəkmişdi. Bu açıqlama Azərbaycanın regional və qlobal siyasi proseslərə bəsirətli yanaşmasının bariz nümunəsi idi.
Donald Trampın yenidən prezident seçilməsindən sonra iki lider arasında baş tutan telefon danışığı və məktub mübadiləsi isə münasibətlərin yalnız rəsmi deyil, eyni zamanda, şəxsi etimada əsaslandığını göstərdi. Prezident İlham Əliyevin ABŞ-a hazırkı səfəri bu dialoqun diplomatik müstəviyə keçərək konkret nəticələr doğura biləcək əməkdaşlıq mərhələsinə daxil olduğunu nümayiş etdirir. Bu, eyni zamanda, Vaşinqton-Bakı xəttində siyasi təmasların dərinləşməsi və qarşılıqlı hörmətə söykənən strateji münasibətlərin institusional xarakter almasının göstəricisidir.
Xüsusilə vurğulamaq lazımdır ki, bu cür yüksəksəviyyəli liderlər dialoqu ikitərəfli münasibətlərin inkişafında mühüm rol oynayır, qarşılıqlı anlaşmanın və əməkdaşlığın dərinləşməsi üçün zəmin yaradır. Liderlər diplomatiyası vasitəsilə ölkələr arasında strateji tərəfdaşlıq daha möhkəm, dayanıqlı və çevik xarakter daşıyır.
Strateji tərəfdaşlığın üç sütunu
Azərbaycan ilə ABŞ arasında strateji tərəfdaşlıq üç əsas istiqamət üzərində qurulub.
1. Enerji və ticarət: Xəzər regionunun zəngin enerji ehtiyatlarının Qərb bazarlarına təhlükəsiz və səmərəli şəkildə nəql olunması sahəsində ABŞ-ın dəstəyi mühüm rol oynayır. Xüsusilə Trans-Adriatik Boru Kəməri (TAP) layihəsinin uğurla həyata keçirilməsində Donald Tramp administrasiyasının siyasi və diplomatik dəstəyi strateji əhəmiyyətə malik olub. Trampın praqmatik enerji siyasəti Avropanın enerji təhlükəsizliyinin gücləndirilməsinə töhfə verib və Azərbaycan üçün yeni iqtisadi imkanların açılmasına şərait yaradıb.
2. Rəqəmsal iqtisadiyyat və süni intellekt: ABŞ-ın qabaqcıl texnologiyaları və investisiyaları Azərbaycanın qeyri-neft sektorunun inkişafına yönəlib. Bu əməkdaşlıq ölkənin iqtisadi transformasiyasını sürətləndirir və rəqəmsal iqtisadiyyatın şaxələndirilməsinə təkan verir, həmçinin innovativ sahələrdə əməkdaşlığın genişlənməsi üçün zəmin yaradır.
3. Təhlükəsizlik və müdafiə: Müdafiə sənayesi sahəsində əməkdaşlıq, terrorizmə qarşı birgə mübarizə və regional sabitliyin təmin olunması istiqamətində qarşılıqlı fəaliyyət davamlı surətdə dərinləşir. Bu, iki ölkənin strateji maraqlarının və təhlükəsizlik öhdəliklərinin uyğunlaşmasının əyani göstəricisidir.
Bayden dövrünün qaranlıq səhifələri
Birləşmiş Ştatların Bayden-Blinken administrasiyası dövründə Azərbaycan-ABŞ münasibətlərində ciddi gərginliklər yaşandı. Əfqanıstan əməliyyatlarının başa çatmasından dərhal sonra ABŞ administrasiyası nankorcasına 907-ci düzəlişi yenidən canlandırdı və bundan Azərbaycana qarşı təzyiq mexanizmi kimi istifadə etməyə çalışdı. ABŞ Konqresində qəbul edilən bu düzəliş və Azərbaycanın regional siyasətinə qarşı əsassız ittihamlar Vaşinqton və Bakı arasında əlaqələrin səmərəliliyinə mənfi təsir göstərdi. Lakin Azərbaycan hökumətinin prinsipial mövqeyi və Prezident İlham Əliyevin ardıcıl, məqsədyönlü diplomatik strategiyası sayəsində bu təzyiqlər real nəticələrə gətirib çıxarmadı. Hazırda isə Donald Tramp administrasiyasının rəhbərliyi ilə münasibətlər yenidən yüksələn xətt üzrə inkişaf edir və iki ölkə arasında qarşılıqlı faydalı əməkdaşlığın yeni imkanları formalaşır.
Azərbaycan-Ermənistan sülh prosesi: Qalibin sülh yolu
Prezident İlham Əliyevin Vaşinqton səfərinin ikinci mühüm istiqaməti Azərbaycan ilə Ermənistan arasında sülh prosesinin irəlilədilməsi ilə bağlıdır. Azərbaycan 2020-ci il Vətən müharibəsində əldə etdiyi Qələbə ilə Cənubi Qafqazda yeni geosiyasi reallıqlar formalaşdırıb və bu reallıqlar beynəlxalq hüququn prinsiplərinə əsaslanaraq sülhün qurulması üçün yeni əsaslar yaradır. Bu gün Bakı qalib tərəf kimi regionda sülh gündəliyini müəyyən edən əsas aktor olmaqla, yaranmış reallıqların beynəlxalq miqyasda tanınması və hüquqi çərçivəyə salınması mərhələsinə qədəm qoyub.
Azərbaycanın sülh müqaviləsi ilə bağlı irəli sürdüyü əsas şərtlər beynəlxalq hüquqa və dövlətlərin suverenliyi prinsipinə əsaslanır. Bu şərtlərin arasında birinci yerdə Ermənistanla birgə BMT-yə ünvanlanan müraciət əsasında ATƏT-in Minsk qrupunun fəaliyyətinə rəsmən son qoyulması və Ermənistan konstitusiyasında yer alan Azərbaycana qarşı ərazi iddialarının aradan qaldırılması dayanır. Bu tələblər ikitərəfli münasibətlərin normallaşması ilə yanaşı, regionda sülhün və əməkdaşlığın davamlı əsaslarla qurulmasına xidmət edir.
Bundan əlavə, Zəngəzur dəhlizinin açılması Azərbaycanın beynəlxalq nəqliyyat və iqtisadi əlaqələrdə bərabərhüquqlu iştirakını təmin edən fundamental hüququdur. Bu dəhlizin reallaşması həm region dövlətləri, həm də daha geniş geoiqtisadi məkan üçün yeni tranzit imkanları və uzunmüddətli sabitlik perspektivləri yaradır. ABŞ-da aparılacaq müzakirələrin bu məsələlərin hüquqi və texniki aspektlərini əhatə etməsi gözlənilir.
Beləliklə, Azərbaycanın sülh strategiyası qalib tərəfin konstruktiv təşəbbüslərinə əsaslanır və regionda uzunmüddətli təhlükəsizlik, inkişaf və əməkdaşlıq üçün real zəmin formalaşdırır.
Trampın rolunun Kemp-Devidlə müqayisəsi
ABŞ Prezidenti Donald Trampın Azərbaycan-Ermənistan sülh prosesi ilə bağlı təşəbbüskarlığı və vasitəçilik cəhdləri müasir diplomatiya tarixində mühüm presedentlərdən biri – 1978-ci ildə imzalanmış Kemp-Devid razılaşması ilə müqayisə oluna bilər. O zaman Misir və İsrail arasında illərlə davam edən münaqişəyə ABŞ Prezidenti Cimmi Karterin rəhbərliyi ilə son qoyulmuş və Yaxın Şərqdə tarixi sülh razılaşması əldə edilmişdi. Bu razılaşma ABŞ diplomatiyasının ən uğurlu vasitəçilik aktlarından biri kimi tarixdə qalıb.
Bu gün isə Donald Tramp Prezident İlham Əliyevin liderliyi ilə irəli sürülən konstruktiv təşəbbüslərə dəstək verməklə Cənubi Qafqazda sülhün təmin olunması istiqamətində analoji tarixi rol oynaya bilər. Onun vasitəçiliyi yalnız iki dövlət arasında deyil, bütövlükdə regionda davamlı sabitliyin və əməkdaşlığın bərqərar olmasına xidmət edir. Dövlətimizin başçısı İlham Əliyevlə ABŞ Prezidenti Tramp arasında formalaşmış qarşılıqlı etimad və birbaşa siyasi dialoq bu prosesin uğurla nəticələnməsi üçün mühüm diplomatik zəmin yaradır.
Əgər həmin təşəbbüs real razılaşma ilə nəticələnərsə, bu, həm Tramp administrasiyasının, həm də Azərbaycanın siyasi iradəsinin regional münaqişələrin həllində nümunəvi rol oynaya biləcəyini sübut etmiş olacaq. Beləliklə, Kemp-Devid sülhü necə Yaxın Şərq üçün dönüş nöqtəsi olubsa, Vaşinqtonda başlanacaq yeni mərhələ də Cənubi Qafqaz üçün tarixi dönüş nöqtəsinə çevrilə bilər.
Ermənistanın yalançı dirənişi və Azərbaycanın qətiyyəti
Azərbaycan uzun illər davam edən işğala 2020-ci ildə Vətən müharibəsində əldə etdiyi parlaq Qələbə ilə son qoydu və regionda yeni geosiyasi reallıqlar formalaşdırdı. Bu mərhələnin davamı olaraq, 2023-cü ilin sentyabrında keçirilmiş 24 saatlıq lokal antiterror tədbirləri nəticəsində Azərbaycan ərazisində qanunsuz silahlı birləşmələr tərk-silah edildi və ölkənin tam suverenliyi bərpa olundu. Bu, yalnız hərbi deyil, siyasi və hüquqi baxımdan da Azərbaycanın dövlətçiliyi üçün mühüm dönüş nöqtəsi oldu.
Bütün bu nailiyyətlərlə yanaşı, rəsmi Bakı Ermənistanla münasibətlərin normallaşdırılması və davamlı sülhün təmin olunması istiqamətində ardıcıl və qətiyyətli diplomatik kurs yürütməkdədir. Ermənistan tərəfinin pozucu mövqeyi və gecikdirici siyasi davranışlarına rəğmən, Azərbaycan sülh təşəbbüslərində ardıcıl olub, konstruktiv dialoqa hər zaman açıq qalıb.
Son mərhələdə Ermənistan konstitusiyasında dəyişiklik aparılmasına dair müzakirələrin başlaması və rəsmi İrəvanın separatçı rejimlə bağlı mövqeyini yumşaltması sülh prosesində irəliləyiş üçün əlverişli zəmin yaradıb. Bu göstəricilər Azərbaycanın sülhə çağırışlarının təkcə siyasi deyil, həmçinin regionun gələcək sabitliyi baxımından nə qədər prinsipial və uzaqgörən olduğunu bir daha təsdiqləyir.
Vaşinqton səfərinin simvolik gedişatı: Diplomatik qələbə
Prezident İlham Əliyevin ABŞ-a budəfəki səfəri yalnız Azərbaycan-ABŞ münasibətlərinin genişlənməsi baxımından deyil, eyni zamanda, beynəlxalq informasiya müstəvisində Azərbaycanın mövqeyinin güclənməsi və diplomatik sahədə əldə etdiyi növbəti uğur kimi dəyərləndirilməlidir. Bu səfər Azərbaycanın regional və qlobal siyasətdə öz prinsipial, müstəqil mövqeyini təsdiqləməklə yanaşı, illərdir ölkəmizə yönəlmiş siyasi təzyiqlərə, informasiya manipulyasiyalarına qarşı verilmiş qəti və diplomatik cavabdır.
Ümidvarıq ki, xüsusilə bu səfər Ermənistanı qeyd-şərtsiz dəstəkləməyə çalışan Fransa Prezidenti Emmanuel Makronun birtərəfli siyasətinə, Azərbaycanın daxili işlərinə müdaxilə etməyə cəhd göstərən Avropa Parlamentinin təzyiq ritorikasına, qərəzli beynəlxalq hüquq müdafiə təşkilatlarının (“Amnesty International”, “Human Rights Watch” və s.) əsassız ittihamlarına, habelə ermənipərəst mövqe tutan diaspor təşkilatlarının və siyasətçilərin, o cümlədən Frenk Pallone və Adam Şiff kimi şəxslərin təbliğat səylərinə ciddi zərbə vuracaq.
Prezident İlham Əliyevin ABŞ-a səfəri bu dairələrin uzun illər ərzində formalaşdırmağa çalışdıqları yanlış təsəvvürlərin dağılması və Azərbaycanın beynəlxalq nüfuzunun gücləndirilməsi baxımından simvolik əhəmiyyət daşıyır. Bu, informasiya cəbhəsində əldə olunmuş diplomatik qələbədir və Azərbaycan dövlətinin milli maraqlarını qətiyyətlə qorumaq qabiliyyətinin daha bir təzahürüdür.
Yeni geosiyasi reallıqların başlanğıcı
Prezident İlham Əliyev İkinci Qarabağ müharibəsində şanlı Qələbə qazanan lider olmaqla yanaşı, Cənubi Qafqazda dayanıqlı sülhün əsas memarı kimi tarixə düşməkdədir. Onun təşəbbüsü ilə irəli sürülmüş və beynəlxalq hüquqa əsaslanan “5 əsas prinsip” regionda normallaşma və əməkdaşlıq üçün möhkəm təməl yaradır. Azərbaycan artıq bu prinsipial gündəliyi uğurla sona çatdırmağa çox yaxındır. ABŞ səfəri çərçivəsində keçiriləcək danışıqlar yalnız Azərbaycan-Ermənistan münasibətləri üçün deyil, bütövlükdə Cənubi Qafqaz regionu və beynəlxalq diplomatiya üçün model xarakteri daşıyacaq. Bu, sülhün zorla deyil, ədalətli hüquqi prinsiplərlə, beynəlxalq legitimlik əsasında qurulmasının mümkünlüyünü göstərən nümunə olacaq.
Sözügedən səfər Azərbaycan diplomatiyasının yeni zirvəyə yüksəldiyi bir məqam kimi tarixə düşə bilər. Prezident İlham Əliyevin qətiyyətli liderliyi və uzaqgörən siyasəti bir daha sübut edir ki, Azərbaycan təkcə regionun deyil, daha geniş beynəlxalq sistemin etibarlı və nüfuzlu aktoruna çevrilib. Ümid edirik ki, bu səfər Azərbaycanın qazandığı hərbi və siyasi qələbələrin beynəlxalq hüququn normaları çərçivəsində rəsmiləşdirilməsi üçün yeni bir mərhələnin başlanğıcı olacaq – sülhdən inkişafadək uzanan strateji yolun əsasını qoyacaq.