Günəşdə bir ay ərzində altıncı dəfə güclü partlayış oldu
Günəşdə bir ay ərzində altıncı dəfə güclü alışma qeydə alınıb. SİA xəbər verir ki, bu barədə Rusiya Tətbiqi Geofizika İnstitutu məlumat yayıb. Məlumata görə, M sinifli partlayış on dəqiqə davam edib. Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası Laboratoriyası da hadisə barədə məlumat verib. Bir gündən az müddətdə Günəşin demək olar ki, “X” sinifli alışmaya bərabər miqdarda enerji buraxdığına diqqət çəkilib. Ümumilikdə ulduzda C və M səviyyələrində 18 alışmanın baş verdiyi qeyd olunub.
Qeyd edək ki, Günəş alovları rentgen şüalanmasının gücündən asılı olaraq beş sinfə bölünür: A, B, C, M və X. Minimum A0.0 sinfi Yer orbitində radiasiya gücünə uyğundur. Növbəti hərfə keçərkən güc 10 dəfə artır. Alovlar adətən günəş plazmasının atılması ilə müşayiət olunur. Onların buludları Yerə çataraq maqnit qasırğalarına səbəb ola bilər.