“Onlar daha çox əziyyət çəkən təbəqədir”
“Qızmar yay günləri ilə əlaqədar Bakı şəhəri üzrə 24 saat içməli su ilə təmin olunan ərazilər 12 saatlıq qrafik rejimə keçirilib. 12 saat su ilə təmin olunan ərazilə 6 saatlıq, 6 saatlıq təmin olunan ərazilər isə 3 saatlıq rejimə keçirilib. Bəzi ərazilərdə “seyrək qrafik” rejimi üzrə bir gündən bir su ilə təmin olunan ərazilər var. Qrafikində də dəyişiklik edilib”. Bu barədə SİA-ya İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin Mətbuat xidmətindən məlumat verilib.
Qurumdan bildirilib ki, ərazilər var ki, səhər 9-dan 15-ə qədər içməli su ilə təmin olunurdusa, indi saat 10-dan 14-ə kimi təmin olunurlar: “Beləliklə bütün qrafiklərdə bir saat olmaqla azalmalar edilib. Daha uzaq məsafədə olan abonentlərə aşağı təzyiqlə olsa belə su gedir. İçməli su ilə təmin edilməsi mümkün olmayan abonentlərə maşınlarla su verilir Bir də xəttin ən ucqar nöqtəsində qalan abonentlərimiz də var ki, onların su təchizatında problemlər yaşanır. Əsasən problemlər olan ərazilərimiz Sabunçu, Suraxanı, Xəzər və Binəqədi rayonlarının xidməti əraziləridir. Onlar daha çox əziyyət çəkən təbəqədir.
Məskunlaşmanın artması, primitiv xətlərin mövcudluğu və havanın temperaturunun 5-6 dərəcə artıq olması suyun təchizatında problem yaradan amillərdir. Əlavə olaraq qeyd etmək istəyirik ki, şəhərin bir çox əraziləri ki, var 24 saat su ilə təmin olunurdular, elə indi də eyni qayda ilə su ilə təmin olunurlar. Amma qrafiklə alan abonentlərin su təminatını tənzimləmək üçün həmin ərazilərdə də suyun təzyiqi gecələr azaldılır. Hazırda əksər ərazilərdə su təchizatı əvvəlki rejimə qaytarılıb”.
Ayşən Vəli