Sosial

Uşaq böyütməyin hansı mərhələsi daha çətindir?


“Uşağın sağlam psixososial inkişafı üçün onun yaş dövrlərinin xüsusiyyətlərinə diqqət yetirmək vacibdir. Hər bir valideyn uşaq psixologiyası haqqında əsas biliklərə malik olmalı və bu biliklərə əsaslanaraq övladının tərbiyəsində fərdi yanaşma tətbiq etməlidir”. Bu sözləri SİA-ya açıqlamasında psixoloq Aytən Ələkbərova deyib.

Aytən Ələkbərova sözlərinə belə davam edib: “Bəzən sual olunur: “Əvvəlki nəsillər belə məsələlərə bu qədər diqqət yetirmirdi, nəyə görə indi bu qədər vacib sayılır?” Cavab isə texnologiyanın və informasiyanın sürətli inkişafında gizlidir. Əvvəllər uşağın sosial çevrəsi məhdud idi, oyun zamanı qarşılıqlı münasibətlər daha asan müşahidə edilə və tənzimlənə bilirdi. Lakin müasir dövrdə texnologiyanın təsiri nəticəsində uşaqlar daha erkən yaşlardan virtual dünyaya daxil olur, bu isə onların şəxsiyyətinin formalaşmasına ciddi təsir göstərir.

Uşağın hər yaş dövrünün özünəməxsus psixoloji xüsusiyyətləri vardır:

• 3-6 yaş dövrü – sosial rolu mənimsəmə, fantaziya və oyunlarla şəxsiyyətin ilkin konturlarının formalaşması dövrüdür.

• 6-12 yaş dövrü – məktəbə uyğunlaşma, sosial bacarıqların və məsuliyyət hissinin inkişafı ön plana çıxır.

• 12-15 və 15-18 yaş dövrləri – yeniyetməlik mərhələləri olub, şəxsiyyətin tam formalaşması, kimlik axtarışı və sosial identifikasiya ilə müşayiət olunur.

Xüsusilə erkən yaşlardan texnoloji vasitələrin – məsələn, smartfonların nəzarətsiz istifadəsi uşağın psixoloji və emosional inkişafında ciddi problemlərə səbəb ola bilər. Bu, uşağın həm düşüncə tərzinə, həm də ünsiyyət bacarıqlarına mənfi təsir göstərir. Əgər bu yaş dövrlərində uşağın sosiallaşması, empati bacarığı və emosional tənzimlənməsi ilə bağlı şərait yaradılmasa, gələcəkdə onun cəmiyyətə adaptasiyasında çətinliklər yarana bilər.

Müasir dövrdə tərbiyə yalnız dərs tapşırıqları, əzbərləmə və bilik ötürülməsi ilə məhdudlaşmamalıdır. Əsas məsələ – uşağın düşünmə bacarığını inkişaf etdirmək, onun sosial münasibətlərini düzgün qurmasına şərait yaratmaq və sağlam şəxsiyyət kimi formalaşmasına kömək etməkdir. Əks halda, uşaq manipulativ təsirlərə məruz qala, yanlış qərarlar qəbul edə və potensial zərərli vərdişlərə meyl göstərə bilər.

Bu səbəbdən valideynlər yalnız davranışa yox, həm də uşaqda haysiyyət, mənəviyyat və psixoloji balansın düzgün formalaşmasına fokuslanmalıdırlar. Əgər 3-6 və 6-12 yaş dövrlərində şəxsiyyətin əsas dayaqları düzgün qurulmazsa, yeniyetməlikdə bu boşluqları doldurmaq çox çətin olacaq”.

Ayşən Vəli