Sosial

“Hər valideyn istəyir ki, övladını yaxşı böyütsün”


“Dünyada belə bir tendensiya var ki, artımın azalması ilə bağlı proses uzun illərdir inkişaf etmiş ölkələrdə müşahidə olunur”. Bu sözləri SİA-ya açıqlamasında sosioloq Sənubər Heydərova deyib.

O bildirib ki, amma inkişaf etməmiş ölkələrdə bu, qloballaşmanın gətirdiyi nüanslardan biri kimi ortaya çıxır. İnternetin yayılması və məlumatlılıq dövrünün genişlənməsi ilə insanlar üçün bu məsələ ilə bağlı aydın izahlar yaranmağa başlayıb: “Əvvəllər insanlar, xüsusən də qadınlar, öz hüquqları və həyatları barədə bu qədər məlumatlı deyildilər. İndi isə məlumatlara daha açıqdırlar və açıq mənbələrdən oxuyan insanlar, xüsusilə qadınlar, hamiləlikdən daha rahat şəkildə qoruna bilirlər. Öz həyatları ilə bağlı qərarları artıq özləri verə bilirlər. Bu məsələdə qadınların azadlığı ilə bağlı çox böyük pay var. Onlar artıq belə bir borclarının olduğunu düşünmür, bu barədə yavaş-yavaş daha ucadan suallar verməyə başlayırlar: “Niyə mən həyatımı buna sərf etməliyəm ?” və s.

Azərbaycanda isə artımın azalmasının əsas səbəblərindən biri sosial problemlərlə bağlıdır. Kasıbçılıq, uşaqların istədikləri kimi böyüdülə bilməməsi, gənc valideynlərin uşağın ailəyə baha başa gəlməsini görməsi bu məsələyə təsir edir. Heç kim istəməz ki, uşağı öz yaşadığı çətinliklər içində böyüsün. Hər valideyn istəyir ki, övladını yaxşı böyütsün, istədiyi baxçaya qoysun, keyfiyyətli təhsil versin. Amma bütün bunlar çox böyük maddi vəsait tələb edir.

Azərbaycanda gəlir mənbəyi az olan ailələr kifayət qədərdir. Uşaq pulu verilmir. Ölkədə pulsuz bağçalar və məktəblər mövcuddur, lakin bəzən bu məktəb və bağçalara daxil olmaq üçün pul ödənilməsi tələb olunur. Başqa sosial strukturlara baxdıqda, ailələr üçün ciddi bir dəstək sistemi yoxdur. Sadəcə muzeylərdə böyüklərlə müqayisədə uşaqlar üçün daha ucuz giriş haqqı nəzərdə tutulur. Ən çox əziyyət çəkənlər isə əlilliyi olan uşaqların valideynləridir. Eyni zamanda, doğuş zamanı baş verən problemlər də artımın azalmasına təsir edən mühüm amillərdəndir”.