Ağ evdə Birgə Bəyannamənin imzalanması Rusiya mediasının diqqət mərkəzindədir
Rusiya mətbuatı Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanın ABŞ-a səfərini, onların Prezident Donald Trampla görüşünü və Ağ evdə sülhə dair Birgə Bəyannamənin imzalamasını geniş işıqlandırır. SİA xəbər verir ki, TASS agentliyinin materialına görə, tərəflər hərbi əməliyyatları həmişəlik dayandırmağa, ticarət, səyahət və diplomatik əlaqələr qurmağa, bir-birinin suverenliyinə hörmət etməyə söz verib. Görüşdə sülh sazişinin mətni paraflanıb və Ermənistan ərazisindən Azərbaycan və Naxçıvan arasında nəqliyyat dəhlizinin yaradılması, o cümlədən Minsk qrupunun ləğvi təklifi ilə ATƏT-ə müraciət daxil olmaqla yol xəritəsi təsdiq edilib. Donald Tramp Azərbaycanla hərbi əməkdaşlığa qoyulan məhdudiyyətlərin götürüldüyünü və hər iki ölkə ilə ikitərəfli iqtisadi sazişlərin imzalandığını açıqlayıb. Əliyev və Paşinyan Trampın Nobel Sülh Mükafatına namizədliyini irəli sürməyə hazır olduqlarını bildiriblər.
“İnterfaks” Azərbaycan Prezidentinin fikirlərinə istinadla bildirir ki, sülh müqaviləsinin rəsmi imzalanması gecikdirilməməlidir, O, avqustun 8-ni Azərbaycan və Ermənistan arasında dövlətlərarası münasibətlərdə tarixi gün adlandırır. Prezident İlham Əliyev ABŞ ilə strateji tərəfdaşlığın davam etdirilməsinin vacibliyini vurğulayıb və əməkdaşlıq xartiyasının müzakirəsi üçün Azərbaycan nümayəndə heyətinin formalaşdığını bildirib.
“Kommersant” yazır ki, Ermənistan ərazisindən keçəcək Zəngəzur dəhlizi 99 il müddətinə ABŞ-a verilib və “Beynəlxalq sülh və rifah üçün Tramp Marşrutu” (TRIPP) adlandırılıb. Donald Trampın sözlərinə görə, bu, Ermənistanın suverenliyini qorumaqla Azərbaycanın Naxçıvana çıxışını təmin edəcək tranzit zonasıdır.
“Lenta.ru” ABŞ Prezidentinə istinadla xəbər verir ki, Ermənistan bu dəhlizin inkişafı üçün Vaşinqton ilə 99 il müddətinə və uzadılma imkanı ilə eksklüziv tərəfdaşlıq yaradır.
“Vestnik Kavkaza” yazır ki, Azərbaycan və Ermənistan liderləri münasibətləri sülh yolu ilə nizamlamaq niyyətlərini sənədləşdiriblər. Birgə Bəyannamədə hərbi toqquşmalardan imtina, nəqliyyat kommunikasiyalarının açılması, diplomatik münasibətlərin qurulması və ərazi bütövlüyünə qarşılıqlı hörmət prinsipləri yer alıb.
“Veçernyaya Moskva” imzalanan sənədlərin sülhün əldə olunması üzrə mühüm olduğunu qeyd edib və diqqətə çatdırıb ki, Tramp bu hadisəni “tarixi” adlandırıb.
“Vesti.ru” xəbər verir ki, Azərbaycan və Ermənistan xarici işlər nazirləri Minsk qrupunun buraxılması tələbi ilə ATƏT-ə müraciət ediblər. Birgə Bəyannamədə Minsk prosesinin və əlaqədar strukturların fəaliyyətinə son qoyulmasının vacibliyi vurğulanıb və təşkilata üzv dövlətlər bu qərarı dəstəkləməyə çağırılıb.