Siyasət

Bu, regionda sülhün bərqərar olması baxımından son dərəcə vacibdir


Vaşinqtondakı görüş azərbaycanlıların və ermənilərin çoxdan arzuladığı sülhə nail olmaq baxımından çox vacibdir.

SİA-nın AZƏRTAC-dan əldə etdiyi məlumata görə, bu sözləri amerikalı ekspert, ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Robert Sekuta deyib.

O, Azərbaycan, ABŞ və Ermənistan liderlərinin görüşünü tarixi və böyük hadisə adlandırıb: “Düşünürəm ki, bu, həm də Prezident İlham Əliyevin gördüyü işin nəticəsidir. O, Donald Trampla yaxşı şəxsi münasibət qurmaq üçün çox iş görüb. Mən hesab edirəm ki, üçtərəfli sənədin imzalanması regionda sülhün bərqərar olması baxımından son dərəcə vacibdir və hər iki ölkənin suverenliyini və ərazi bütövlüyünü qorumaq, daha güclü təhlükəsizlik və rifahın təminatı, daha yaxşı münasibətlərin qurulması yolunda inamlı addımdır. Mən bilirəm ki, bu məqama çatmaq üçün Azərbaycan və Ermənistan tərəfi çox iş görüb”.

Keçmiş səfir Azərbaycanla ABŞ arasında Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması məqsədilə Strateji İşçi Qrupunun yaradılması haqqında da danışıb. O, Azərbaycanda səfir olanda iki ölkə arasında strateji tərəfdaşlığın olduğunu bildirib: “Təbii ki, mən daha çoxunu görmək istərdim. Ona görə də hesab edirəm ki, bu iki ölkə birlikdə çox şey edə bilər. İqtisadi tərəfdən “ExxonMobil” ilə imzalanmış memorandumu gördüm. Bu, münasibətlər üçün də vacibdir. “ExxonMobil” çox güclü şirkətdir, kommersiya yönümlüdür, texniki cəhətdən çox bacarıqlıdır. Düşünürəm ki, əlaqələrin belə geniş qurulması təkcə Cənubi Qafqazla deyil, həm də İran və Rusiya məsələsi, eləcə də Mərkəzi Asiya ilə əlaqələr baxımından əhəmiyyətlidir. Əgər sən Avrasiyadan keçmək istəyirsənsə, Rusiyadan və ya İran üzərindən deyil, birbaşa Azərbaycandan keçə bilərsən. Beləliklə, hesab edirəm ki, bunun Özbəkistan, Qazaxıstan, Mərkəzi Asiyanın digər dövlətləri, eləcə də Qafqaz ölkələri üçün müsbət nəticələri var. Məncə, bu gözəl, çox vacib, çoxdan vaxtı yetişmiş addımdır. Fikrimcə, buna görə hər üç ölkəni, Azərbaycanı, Ermənistanı, o cümlədən ABŞ-ı təbrik etmək lazımdır”.