Siyasət

“Ermənistan üzərinə düşən vəzifələrivə öhdəlikləri tam şəkildə yerinə yetirəcək”


“Vaşinqtonda keçirilən tarixi əhəmiyyətə malik görüş İkinci Qarabağ müharibəsi nəticəsində əldə edilmiş Zəfərin siyasi dialoq müstəvisində də ölkəmizin uğurlarının növbəti mərhələsi kimi davamı idi. Bir vaxtlar Ermənistanın və onun açıq və gizli dəstəkçilərinin dondurmağa və beləliklə, ömürlük bitirməyə çalışdığı münaqişə bəlkə də çoxlarının gözləmədiyi bir anda nəinki torpaqlarımızın azad olunması, hətta regiondakı kommunikasiyaların açılması ilə nəticələndi”. Bu sözləri SİA-ya açıqlamasında siyasi ekspert Elmir Səftərov deyib.

Onun sözlərinə görə, Prezident İlham Əliyevin praqmatik siyasətinin, uzaqgörən strategiyanın bariz nümunəsi olan 2020-ci ildən bəri əldə etdiyimiz hərbi və siyasi uğurlarımız ildən-ilə daha da artır: “Ağ Evdə keçirilən görüşdə gələcək nəsillərin də xatırlayacağı dövlətimizin xalqımızın maraqlarına xidmət edən siyasi fəaliyyətinin və Prezident İlham Əliyevin diplomatik məharətinin şahidi olduq. Görüş çərçivəsində əldə edilən razılaşmalar və imzalanmış bəyannamə də masada hansı güclərin olmasına baxmayaraq, Prezident İlham Əliyevin bütün addımlarının Azərbaycanın maraqlarına əsaslandığını növbəti dəfə göstərdi.

Prezident İlham Əliyevin prinsipiallığı sayəsində 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanata daxil edilmiş 9-cu bənddə də göstərildiyi kimi, Ermənistanın Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında maneəsiz bağlantıya şərait yaratmaq öhdəliyi Vaşinqtonda yenidən təsdiq edildi, bundan əlavə, İrəvan ATƏT-in Minsk qrupunun ləğv edilməsinə razı oldu.

Xatırlayırıq ki, Ermənistan 9-cu bəndin icrasından yayınsa da, Azərbaycanın uğurlu gedişatları hər şeyi köklü şəkildə dəyişdi, regiondakı reallıqları daha da aydın formada nümayiş etdirdi. Bu baxımdan da “Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis olunması haqqında Saziş”in mətninin paraflanması Ermənistan konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarının çıxarılmasına ilə yekunlaşmalıdır ki, rəsmi və tam sülh sazişi də imzalansın. Ümid edirik ki, Ermənistan üzərinə düşən vəzifələri və öhdəlikləri tam şəkildə yerinə yetirəcək. Donald Trampın görüş çərçivəsində Prezident İlham Əliyevə ünvanlandığı xoş sözlər və əldə edilmiş razılaşmalardan irəli gələn məsələlər onu deməyə əsas verir ki,

Azərbaycan Amerika əlaqələrindəki iş birliyi strateji ortaqlığa qədər irəliləyir. Bu baxımdan bu günlərdə bəzi məsələlər də diqqətdən kənarda qala bilməz. Belə ki, uzun illərdir ABŞ-dakı siyasi hakimiyyətə təsir mexanizmləri formalaşdıran Amerika Erməni Milli Komitəsinin (ANCA) və diaspor təşkilatlarının oyundan kənar vəziyyətə düşməsinin şahidi olduq. Məhz ABŞ administrasiyasının bəzi erməni təşkilatları, xüsusən də Amerika Erməni Milli Komitəsi və ona bağlı qruplar və ayrı-ayrı şəxslərin Ermənistan və ABŞ-a qarşı tənqidləri bunu deməyə əsas verir.

Bəzi erməni qüvvələri ABŞ administrasiyasını sülh səylərinə görə tənqid etməklə qalmır, keçmiş qondarma ideologiyalarını yenidən gündəmə gətirməyə çalışırlar. Aydındır ki, ANCA mahiyyətcə ABŞ-dakı yerli daşnaklardan təşkil olunub və Daşnaksütyunun Amerika qoludur. Amma hazırkı ABŞ administrasiyasının balanslı yanaşması həmin qrupların geosiyasi dəyişikliklərin baş verməsinə təsir mexanizmlərinin qarşısını aldı. Üç onilliklərlə davam edən münaqişəyə son qoyan razılaşma Azərbaycan və Ermənistan münasibətləri üçün irəliləyiş və Cənubi Qafqaz regionunun iqtisadi potensialını üzə çıxarmaq üçün bir fürsətdir. Bu da regionda davamlı sülhün əldə edilməsi ilə logistik və ticarət razılaşmaları sayəsində Azərbaycan və erməni xalqları üçün firavanlığa səbəb ola bilər. “Azadlığı Dəstəkləmə Aktına” 907-ci düzəlişin tətbiqinin dayandırılmasının da diqqətdən kənarda qalmaması görüşün ölkəmizin maraqlarına xidmət etdiyini və bizi narahat edən məqamların əks olduğunu göstərdi”.