Siyasət

Vaşinqton sənədləri, “tərpədilmiş yeni daşlar”, “10 noyabr bitdi”, “8 avqust dövrü” başladı


Prezident İlham Əliyevin Vətən müharibəsindən sonra Milli Məclisdə söylədiyi bu sözlər yəqin hələ çox məqamlarda xatırlanacaq. Prezidentimiz keçmiş Dağlıq Qarabağ münaqişəsinin həllini “biz bununla çox iri daşları yerindən tərpətdik” deyə böyük bir siyasi mətləbi çox sərrast obrazla qısa ifadə etdi…

Avqustun 8-də Vaşinqtonda Trampla görüşdə əldə olunmuş razılaşmalar həmin fikri yenidən aktual edir. Vaşinqton razılaşmaları münaqişənin həllindən heç də geri qalmayan səviyyədə “iri daşları” yerindən tərpətdi…

2023-cü ilin Antiterror tədbirlərindən sonrakı 2 illik sülh prosesini bir kənara qoyaraq normallaşma prosesini elə 8 avqust Vaşinqton razılaşmalarından başlamaq lazımdır. Azərbaycanın bu müddətdə nəhayətsiz çabalar göstərməsinə baxmayaraq, sülh prosesində əsaslı bir addım atılmadı. Kiçik razılaşmalar olsa da, sabah onların pozulmayacağına da kimsə etibarlı zəmanət vermədi. Çünki proses Moskva ilə Avropanın arasında qalmışdı. Kimsə üzərinə məsuliyyət götürərək son imzaların atılmasına” təkan verə bilmirdi. Rusiya da, Avropa da Azərbaycan – Ermənistan sazişinin imzalanmasında əsasən özlərinin geosiyasi maraqlarını güdürdülər. Azərbaycanın və Ermənistanın isə maraqlarına arxa planda yanaşırdılar, daha çox da Ermənistanı dəstəkləyirdilər. Kremlin və Avropanın vasitəçiliyi ilə aparılmış normallaşma prosesinin uğursuzluq səbəbi əsasən bu oldu…

Az-çox uğurlu nəticələr yalnız ikitərəfli görüş formatlarında əldə olundu ki, bu da birmənalı olaraq Azərbaycan prezidentinin ardıcıl və səriştəli diplomatiyası hesabına mümkün oldu. Beləliklə, Antiterror əməliyyatından 8 avqust Vaşinqton razılaşınasına qədər tərəflər baqajlarında tam təsdiqlənmiş tək yük aparırdılar- ikitərəfli format nisbətən ən uğurlu danışıq variantı kimi təsdiqlənmişdi. Bu da İlham Əliyevin sayəsində əldə olunmuş nəticə sayılır. Saziş mətni yarımçıq idi, kommunikasiyaların açılması Moskvanın üzündən donmuş vəziyyətdə buraxılmışdı. Çox şeylər yarımçıq vəziyyətdə güclü bir qarantın himayəsi altında öz təsdiqini gözləyirdi.

Vaşinqton razılaşmaları bölgəyə təminatlı sülhün gəlişinə tam imkan açdı. Azərbaycan- ABŞ münasibətlərində yeni mərhələ açıldı. ABŞ-Ermənistan münasibətləri Baydendən sonra xeyli duruldu ki, bunun üçün Ermənistan rəhbərliyi İlham Əliyevə çox minnətdar olmalıdır. Çünki Baydenin son prezidentlik günlərində onunla tələsik Strateji saziş imzalayan Ermənistan Tramp and içənə kimi qeyri-müəyyən duruma düşdü, çünki seçkilərdə Ermənistan hakimiyyəti, erməni lobbisi və diaspor tam mənada Trampın əleyhinə işləmişdilər. Bu mənada Azərbaycan prezidenti prosesləri şəxsən Trampın masasına çıxarmaqla əslində onun gözündə Paşinyanın özünə də reabilitasiya şansı qazandırdı. Bu 6 ayda Paşinyan dəfələrlə ABŞ-da oldu, hər dəfə Trampla görüşməyə cəhd etdi, alınmadı, nəhayət onun Trampla görüş arzusu məhz İlham Əliyevin hesabına baş tutdu. Trampın hakimiyyəti dövründə ABŞ-Ermənistan münasibətlərində də yeni dövr açılır ki, bunun da səbəbkarının İlham Əliyev olduğunu gərək unutmasınlar.

ABŞ-Azərbaycan Strateji Tərəfdaşlıq Xartiyasının əsasının qoyulması ABŞ-ın Qafqaz siyasətinin mahiyyətini dəyişmək gücündədir. Bu vaxta qədər ABŞ prezidentləri Qafqaz siyasətini əsasən erməni lobbisinin təsirləri altında aparırdı. Tramp ilk dəfə olaraq Qafqaz siyasətini erməni lobbisinin girovluğundan kənara çəkmək yolu tutdu. Bu mənada ABŞ- ın özünün də bizim regionda siyasətinin yeni dövrünün başlandığını iddia etmək olar. Yenə də İlham Əliyevin sayəsində…

Azərbaycanın bir çox ölkələrlə Strateji tərəfdaşlığı var. Fəqət heç bir ölkənin Azərbaycanla strateji əməkdaşlığı bu qədər çoxşaxəli və dərin deyil. Enerji, ticarət, tranzit, iqtisadi investisiya, təhlükəsizlik daxil geniş spektr üzrə əməkdaşlıqdan söhbət gedir. Başqa bütün hallarda Azərbaycanın strateji əməkdaşlığı təhlükəsizlik məsələlərini o qədər də əhatə etmirdi. ABŞ-la əsası qoyulmuş Strateji Xartiyada isə silah satışı, terrorla mübarizə daxil təhlükəsizlik məsələləri üzrə əməkdaşlıq həqiqətən onun unikallığını xeyli yüksəldir. Xartiyanın xüsusilə bu müddəası Azərbaycanın önündə Amerikanın silah bazarına çıxış imkanı açır.

907-ci düzəlişin ləğvi tək Azərbaycanın yox, elə ABŞ-ın özünün də əl-qolunu açır. Dünyanın bütün istiqamətlərinə dövlət yardımı edən ABŞ-ın Azərbaycana qolu bağlanmışdı.Azərbaycan isə çox yerlərdən dövlət dəstəyi alsa da, ABŞ istiqaməti illər boyu bağlı qalmışdı. Prezidentimiz gözəl dedi – Azərbaycanın kiminsə yardımına ehtiyacı yoxdur, çoxdan donor ölkə olmuşuq, ancaq bəs ədalət harda qalmalıdır?!

Sülh sazişinin paraflanması əslində simvolik hadisə kimi də nəzərdən keçirilə bilər. Paraflanma qeyri-rəsmi adla aylar əvvəl olmuşdu, ancaq Ermənistan hərəkətə gəlmirdi. Paraflanmanın Vaşinqtonda olması dünyaya mesaj verdi – bunun arxasında Tramp var, paraflanma Vaşinqtonda olduğu kimi sülh sazişi də Vaşinqtonda imzalanacaq, həm də çox qısa müddətdə imzalanacaq…

Minsk Qrupunun tabutu çoxdan ortada idi, onu Azərbaycan Prezidenti bu yerə atmışdı, sonrakı taleyi üçün də aydın ssenari vermişdi – birlikdə ATƏT-ə müraciət edək ki, Qrupu ləğv etsin. Proses yerindən tərpənmirdi ki , tərpənmirdi. Çünki bunun üçün dünyanın ən qüdrətli dövlət başçısının şəxsində zəmanətə ehtiyac var idi. 8 avqustda bu da gerçəkləşdi…

Zəngəzur dəhlizinin məsələsi Vaşinqton razılaşmalarının şedevr elementlərindən biri sayıla bilər. Dəhlizlə bağlı keçilmiş bütün prosesin də memarı İlham Əliyevdir. Lakin Ermənistan və Rusiyanın gizli oyunları dəhlizin nə açılmasına, nə də gündəmdən çıxarılmasına imkan verirdi. Azərbaycan prezidenti Trampın dəstəyi ilə bu düyünü də açdı. Nəticədə həm Azərbaycanı, həm Ermənistanı, həm də ABŞ-ı təmin edən variant tapıldı – “Beynəlxalq sülh və rifah naminə Tramp yolu” (TRİP). Burada gələcək proseslərin açacağı məqamlar ola bilər. Azərbaycan “Zəngəzur dəhlizini” aktuallaşdırdı, Ermənistan dəhliz sözündən “daş atıb başını tutdu”, sonda Tramp hamını qane edən variantı gündəmə gətirdi. Yenə də hər şey Azərbaycan prezidentinin təşəbbüslərinə uyğun baş verdi. Adın nə olmasından asılı olmayaraq, Naxçıvana maneəsiz keçid, multimodalllq, Orta Dəhlizin seqmenti olmaq və sair kimi ideyalar İlham Əliyevə məxsus olmaqla dəyişilməz saxlanıldı.

Vaşinqton razılaşmaları təkcə ABŞ-Azərbaycan-Ermənistan üçbucağında münasibətləri dəyişmədi, həmçinin Qafqazın geosiyasi oriyentasiyasının əsas xəttini yenidən şəkilləndirdi. Putin bacarmadı, Tramp bacardı, çünki Tramp bölgədə özünün strateji tərəfdaşını və əsas fəaliyyət xəttini düz seçdi…

7 maddəlik Vaşinqton bəyannaməsi 10 noyabr sənədindən fərqli olaraq irəliyə doğru, sülhə doğru daha aydın xəritə göstərdi. Çünki 10 noyabr sənədinin qarant imzası Putinə, Vaşinqton Bəyannaməsinin isə qarant imzası Trampa məxsusdur. Yazının əvvəlindəki fikrə bir daha qayıdıram. Prezident İlham Əliyev Vaşinqton bəyannaməsi ilə “çox iri daşları yerindən tərpətdi”. Eynilə Vətən müharibəsində olduğu kmi… lakin o zamandan fərqli olaraq yerindən tərpədilmiş daşların Azərbaycanın əl-qoluna dolaşmaq şansları indi çox zəifdir…

Afərin və uğurlar Prezidentimizə!

Aydın QULİYEV