Xarici işlər nazirləri arasında telefon danışığı olub
Avqustun 9-da Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə Özbəkistan Respublikasının xarici işlər naziri Baxtiyor Saidov arasında telefon danışığı aparılıb.
SİA-nın məlumatına görə, Xarici İşlər Nazirliyindən bildirilib ki, Özbəkistanın xarici işlər naziri Azərbaycan Respublikasının Prezidentinin ABŞ-a səfəri zamanı Azərbaycan-ABŞ arasında əldə edilmiş razılıqlar, eləcə də Azərbaycan-Ermənistan normallaşma prosesində tarixi nailiyyətlər münasibətilə səmimi təbriklərini çatdırıb.
İmzalanmış sənədlərin bölgədə sülh və sabitliyin təmin olunması üçün mühüm əhəmiyyət kəsb etdiyi qeyd olunub. Sülh sazişinin paraflanmasının, habelə ATƏT-in Minsk Prosesi və aidiyyəti strukturların ləğvinə birgə çağırışın sülhə əhəmiyyətli töhfə olduğu diqqətə çatdırılıb.
Telefon danışığı zamanı Azərbaycan-Özbəkistan strateji müttəfiqlik əlaqələrindən irəli gələn məsələlər, o cümlədən çoxtərəfli əməkdaşlıq istiqamətində əldə olunmuş razılıqların icrası planları müzakirə olunub.