Siyasət

“Vaşinqtonda imzalanan birgə bəyannamə regionun xilasıdır”


“Vaşinqtonda Azərbaycan və Ermənistan arasında imzalanan birgə bəyannamə regionun xilasıdır”. Bu sözləri SİA-ya açıqlamasında deputat Nigar Məmmədova deyib.

Deputat sözlərinə belə davam edib: “Bu, cənab Prezidentin sülh prosesində liderliyi sayəsində mümkün oldu. 2020-ci il 44 günlük Vətən müharibəsi başa çatdıqdan sonra Azərbaycan dayanıqlı sülh istiqamətində fəal iş apardı. Təbii ki, sülh regionun rifahı olmaqla yanaşı, həm də itkilərə son qoyulması deməkdir.

Məlum olduğu kimi, Cənubi Qafqazda eskalasiyada maraqlı olan qüvvələr vardı. Onların əsas amalı regionu yeni müharibələrə sürükləmək idi. Amma Prezident İlham Əliyev müharibədə qələbəni təmin edərək, Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tam bərpa edərək, uğurla sülh gündəliyini də reallaşdırdı. Azərbaycanla təzyiq dilində danışmağa çalışanlar bu gün reallığı qəbul etmək məcburiyyətindədirlər. Bu, qalib Prezident, regiona sülh gətirən İlham Əliyevin, Azərbaycan diplomatiyasının növbəti qələbəsidir.

Çünki başda Bayden-Blinken Administrasiyası olmaqla, Makron, Avropa İttifaqı, Avropa Şurası, Avropa Parlamenti və digər qərb institutları daim Azərbaycana qarşı güzəştlərə məcbur etmək siyasəti yeridirdilər. Lakin bu məkrli cəhdlərin heç biri baş tutmadı.

Siyasi və diplomatik təzyiqlərə, beynəlxalq mediada təşkil olunan qarayaxma kampaniyasına, sanksiya hədələrinə baxmayaraq, Prezident İlham Əliyev bir addım belə geri çəkilmədi, əsl Liderə xas olan qətiyyət və prinsipiallıq nümayiş etdirdi, siyasi strategiyasını uğurla reallaşdırdı.

Beləliklə, yekun sülh müqaviləsinin imzalanması üçün heç bir maneə yoxdur. Ermənistan vaxt itirməməli, prosesi yubatmamalı, öz Konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarını çıxarmalıdır. Əks təqdirdə, Prezident İlham Əliyevin də söylədiyi kimi, bu, ilk növbədə ABŞ-a və şəxsən Prezident Trampa hörmətsizlik olacaq. Odur ki, Ermənistan öz məsuliyyətini anlamalıdır”.

Ayşən Vəli