İran: Pezeşkian radikal müqavimətlə üz-üzə
Son vaxtlar bölgədə cərəyan edən sürətli və davamlı siyasi proseslər artıq dəyişiklik və inkişaf zərurətini qaçılmaz edib. Xüsusilə 1979-ci ildən bəri dini rejimin xofu altında yaşayan İranda bu siyasi zərurət hər gün daha aydın və qabarıq şəkildə hiss olunmaqdadır. İranın yeni prezidenti Məsud Pezeşkianın seçkilərdən sonrakı çıxışları və ilk addımları ölkə daxilində islahat gözləntilərini artırıb. Onun siyasi kursu açıq şəkildə göstərir ki, məqsəd İranın digər ölkələrlə normal diplomatik münasibətlər qurması, iqtisadi və siyasi təcriddən çıxmasıdır. Pezeşkian üçün bu, yalnız xarici siyasət məsələsi deyil – o, eyni zamanda daxildə sosial-iqtisadi problemlərin həllini, korrupsiyaya qarşı mübarizəni və dövlət institutlarının modernləşdirilməsini hədəfləyir. Lakin İranın siyasi reallığı fərqlidir. Ölkə prezidentinin istəyi ilə korrupsiyalaşmış dini xuntanın fikirləri tam fərqlidir.
Məsud Pezeşkian “mollaların” hədəfində!
Xüsusilə avqustun 8-də Vaşoqntondakı mühüm tarixi hadisələrdən sonra bölgə ölkələri ilə normal və qarşılıqlı fayda şəraitində münasibət qurmaq çağırı edən İran Prezidenti mühafizəkarların hücumlarına məruz qalıb. Xatırladaq ki, İran Prezidenti Məsud Pezeşkian ilk dəfə Zəngəzur dəhlizi ilə bağlı mövqeyini açıq şəkildə bəyan edib. O, məsələ ətrafında yaradılan ajiotajın həqiqəti tam əks etdirmədiyini bildirib. “Bu dəhlizlə bağlı deməliyəm ki, məsələ xəbərlərdəki kimi şişirdilmiş deyil və bizdə olan məlumata görə, İranın ərazi bütövlüyü ilə bağlı tələbləri yerinə yetirilib”, – o qeyd edib.
Pezeşkianın bu bəyanatı son aylarda İran rəsmilərinin, xüsusən də ölkə rəhbərinin müşaviri Əli Əkbər Vilayətinin səsləndirdiyi sərt mövqe fonunda gözlənilməz yumşalma kimi qiymətləndirilir. Xatırladaq ki, Vilayəti Zəngəzur dəhlizi layihəsini İranın milli birliyi və ərazi bütövlüyünə “böyük təhdid” adlandırmış, bu təşəbbüsün Cənubi Qafqazdakı geosiyasi balansı poza biləcəyini iddia etmişdi. Pezeşkian isə əksinə, məsələyə daha praqmatik yanaşaraq Tehran üçün əsas olan ərazi bütövlüyü prinsiplərinin qorunduğunu vurğulayıb. Bu mövqe dəyişimi Ermənistan və Azərbaycanın regiondakı birgə təşəbbüsünə qarşı sərt ritorika nümayiş etdirən bəzi İran siyasi dairələrinə də dolayı cavab xarakteri daşıyır. Əslində hazırkı iran Prezidenti fikirlərini siyasi reallığa söykənərək söyləyib. Çünki artıq Cənubi Qafqazda vəziyyət dəyişib. İndi Azərbaycan öz torpaqlarına sahib çıxmış güclü, iqtisadiyyatı stabil, dünyada nüfuzu artmış dövlətdir. Türkiyə kimi böyük bir dövlət açıq şəkildə Azərbaycana dəstəyini göstərir və türk birliyi ilə qürur duyur.
Başqa sözlə, Qafqazda güc balansı dəyişib. Təkcə İranı yox, həm də 40 milyon Azərbaycan türkünü də təmsil edən Pezeşkian da ən real yolun Azərbaycanla dostluq, dialoq və iqtisadi əməkdaşlıqdan keçdiyini görür.
Bu dəyişiklik kimlərin xoşuna gəlmir?
Amma bu dəyişiklik klassik “təsir qüvvələri”nin xoşuna gəlmir. Dini radikallar və fars şovinist dairələr bu islahat xəttinə qarşı ciddi müqavimət göstərirlər. Onların hakimiyyət strukturlarındakı dərin kökləri və iqtisadi təsir mexanizmləri, ölkənin gələcəyini şəxsi və ideoloji maraqlar uğruna girov saxlayır. Bu dairələr üçün mövcud status-kvonun qorunması, İranın beynəlxalq arenada təcrid vəziyyətində qalmasından daha önəmlidir.
Tarixi faktlar və son illərin təcrübəsi göstərir ki, məhz bu qüvvələr İranın ən böyük problemlərinin qaynağıdır: sistemli korrupsiya, rüşvətxorluq, iqtisadi gerilik, cəmiyyətin siyasi passivləşdirilməsi, azad sözün boğulması və ölkənin modern dünyadan təcridi. Üstəlik, son hadisələr İranın hərbi və təhlükəsizlik sisteminin də reallıqda zəif olduğunu üzə çıxardı. Yəni radikal dairələrin illərlə qurduğu “məğlubedilməz dövlət” imici öz-özünü ifşa edib.
Pezeşkianın qarşısında çətin bir seçim dayanır: ya radikal qüvvələrlə açıq qarşıdurmaya gedərək İranı islahat yoluna çıxarmağa çalışacaq, ya da siyasi kompromislərlə real dəyişiklik imkanlarını zəiflədəcək. Tarix göstərir ki, belə məqamlar dövlətlərin taleyində dönüş nöqtəsi ola bilir.
İran cəmiyyətində böyük bir hissə artıq anlamağa başlayıb ki, ölkənin inkişafı üçün ən böyük təhlükə xaricdən deyil, məhz daxildəki köhnəlmiş siyasi düşüncə və onun yaratdığı idarəetmə modelidir. Beləliklə, əgər bu maneə aşılmasa, Pezeşkianın islahat arzusu da, İranın normal beynəlxalq münasibətlər qurmaq şansı da reallığa çevrilməyəcək.
Mətləb Salahov