İtaliyada inflyasiya səviyyəsi 1,7 faiz olub
İyul ayında İtaliyada inflyasiya göstəricisi əvvəlki aya görə dəyişməyərək 1,7 faiz təşkil edib.
SİA yerli mənbələrə istinadən xəbər verir ki, bu barədə İtaliya Milli Statistika İnstitutu (ISTAT) məlumat yayıb.
Bildirilir ki, ötən ay istehlak qiymətləri indeksi iyunla müqayisədə 0,4 faiz artıb. Ərzaq və alkoqolsuz içkilərin qiymətləri illik müqayisədə 3,9 faiz, emal olunmamış qidaların qiymətləri isə 5,1 faiz artıb. Enerji qiymətlərində və xidmətlər sektorunda da qiymət artımı müşahidə olunub,
“Codacons” Assosiasiyasının məlumatına görə, yay tətili ilə əlaqədar turizmlə bağlı qiymətlər artıb. Ölkədaxili aviareyslərin qiymətləri 35,9 faiz, Avropa uçuşları 5,5 faiz, bərə tarifləri isə 10,9 faiz artıb. Çimərlik kurortları və hovuzlarda 3,4 faiz, muzeylər və tarixi abidələr üzrə isə 4 faiz qiymət artımı qeydə alınıb.
İstehlakçı hüquqlarının qorunması üzrə təşkilat olan “Assoutenti” qiymət artımı fonunda italiyalıların eyni istehlakla qida məhsulları və içkilərində illik 6,4 milyard avro əlavə xərclə üzləşdiklərini açıqlayıb.