Kərimov Əli adını Azərbaycanın tarixinə satqın və xəyanətkar kimi yazdırıb
Qalib Azərbaycan Ordusunun Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazandığı tarixi Zəfəri, ərazi bütövlüyümüzün, suverenliyimizin tam bərpasını bu günə qədər həzm edə bilməyən Kərimov Əli hər fürsətdə dövlətimizə qara yaxmaqla məşğuldur. Uğurlarımızı, qələbəmizi Ermənistan belə qəbul etdiyi halda, ürəyi Azərbaycan dövlətinə və xalqına qarşı nifrət toxumu ilə dolu olan Kərimov Əli qəbul edə bilmir. Azərbaycan xalqına və dövlətinə qarşı kin, nifrət onun bütün siyasi fəaliyyətindən “qırmızı xətlə” keçir. Siyasi uzaqgörənliyin, strategiyanın nə olduğunu anlamayan bu üzdəniraq antimilli ünsür Zəfərimizdən sonra “Xankəndi” deyib haray-həşir salırdı. Təbii ki, məqsədi Xankəndi deyildi, qələbəmizə kölgə salmaq idi. Prezident İlham Əliyevin səbirlə, peşəkarlıqla həyata keçirdiyi siyasət və ordumuzun qəhrəmanlığı sayəsində süverenliyimiz Xankəndi başda olmaqla bütün ərazilərimizdə bərpa edildi. Amma Kərimov Əli buna sevinmədi. Çünki ona Azərbaycan dövlətinin qələbəsi, uğurları yox, uğursuzluqları lazımdır.
Bu antimilli ünsür Zəfərimizdən sonra dövlətimizin Qarabağ və Şərqi Zəngəzurda öz gücü hesabına həyata keçirdiyi bərpa-quruculuq işlərinə qara yaxmağa çalışsa da bununla ancaq özünü rüsvay etdi. Onun sosial şəbəkələrdəki qarayaxmaları Böyük Qayıdış çərçivəsində öz doğma yurdlarına qayıdan soydaşlarımızın sevinci altında əzilərək darmadağın oldu. Amma o, bundan utanmadı. Dövlətə, xalqa qarşı xəyanətkar mövqe tutmağı, sosial şəbəkələrdə dezinformasiya yaymağı özünə peşə seçən bu üzdəniraq indi də utanmadan Vaşinqtonda əldə edilən tarixi nailiyyətə qarşı çıxır.
Bu fikirləri Milli Məclisin deputatı Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.
Millət vəkili qeyd edib ki, Azərbaycan Prezidentinin ABŞ-a tarixi səfəri, səfər çərçivəsində əldə edilən razılaşmalar regionumuzda yeni reallıqlar yaradır. Azərbaycanla ABŞ arasında münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilməsi istiqamətində iki ölkənin prezidentləri tərəfindən imzalanan Anlaşma Memorandumu böyük siyasi əhəmiyyət kəsb edir. Bütün bu tarixi nailiyyətlərin fonunda utanmadan demokratikləşmə prosesindən dəm vuran Kərimov Əli hələ də bilmir ki, dünyada demokratiyanın beşiyi ABŞ-dır. Azərbaycan demokratik dövlət olmasaydı Birləşmiş Ştatlar belə bir anlaşmaya imza atardımı? ABŞ-ın əməkdaşlıqda xüsusi önəm verdiyi istiqamətlərdən biri məhz demokratiyadır. Azərbaycan üçün isə demokratikləşmə sadəcə bir niyyət, şüar deyil, ölkənin hərtərəfli inkişafının əsasıdır. Azərbaycanın demokratik inkişafını niyə həzm edə bilmirsən, Kərimov Əli?
Dünyanın bir nömrəli supergücünün Azərbaycanla strateji tərəfdaşlıq münasibətləri qurması ölkəmiz üçün böyük uğurlar, yeni perspektivlər vəd edir. Niyə Prezident İlham Əliyevin qətiyyətli, uzaqgörən strategiyasına əsaslanan siyasəti nəticəsində tarixi uğura imza atdığımızı etiraf edə bilmirsən? Bu siyasət nəticəsində ABŞ Prezidenti Donald Tramp “Azadlığı Müdafiə Aktı”na bədnam 907-ci düzəlişi ləğv etdi. Bu, böyük siyasi qələbədir. Amma Kərimov Əli buna sevinə bilmir. Çünki onun kimi avantürist üçün daha “demokratik olan” Bayden-Blinken Administrasiyası idi. Dünyanı qanla idarə edən bu bədnam cütlük hər fürsətdə dövlətimizi qaralamağa, ona qarşı təzyiqləri artırmağa çalışırdı. Əfqanıstan əməliyyatları başa çatan kimi Bayden-Blinken Administrasiyası tərəfindən nankorcasına 907-ci düzəliş yenidən bərpa edildi. Kərimov Əlinin də təmsil olunduğu AXC-Müsavat çütlüyünün hakimiyyəti dövründən qalan həmin bədnam düzəlişin, həmçinin uğursuz Minsk qrupunun ləğv edilməsi ilə bağlı birgə müraciətin imzalanması Azərbaycan Prezidentinin qətiyyətli liderliyi, siyasəti nəticəsində reallığa çevrildi. Kərimov Əli, sizin hakimiyyəti zəbt etdiyiniz bir il ərzində ölkədə yaratdığınız özbaşınalıq, anarxiya, xaos mühiti, xarici siyasətdə misli görünməmiş səriştəsizlik, şəxsi ambisiyalarınızın dövlət maraqlarından üstün tutulması nəticəsində dövlətimizə və xalqımıza buraxdığınız ağır miras məhz Prezident İlham Əliyev tərəfindən həyata keçirilən uğurlu siyasət nəticəsində aradan qaldırıldı.
Vüqar Rəhimzadə bildirib ki, bu üzdəniraq Kərimov Əli Zəngəzur dəhlizi ilə bağlı sosial şəbəkələrdə daim qarayaxma, dezinformasiyalar yayırdı. Bəs, nə oldu? Azərbaycan Prezidentinin dərin zəkası, qətiyyətli siyasəti, strategiyası nəticəsində Ermənistan Azərbaycanın bütün şərtlərini qəbul etdi və Vaşinqtonda imzalanan sənədlərlə dəhlizin açılması reallaşır. Bax, budur dövlətimizin daha bir qələbəsi! 8 avqust xalqımız üçün sevincli, Kərimov Əli üçün isə kədərli gündür. Müxalifətçilik dövlət maraqlarına müxalifətdə dayanmaq deyil, Kərimov Əli. İllərdir müxalifətçilik anlayışının mahiyyətini dərk etməyən kərimov əli kimilər daim qınaq hədəfindədirlər. Bugünədək “fəaliyyəti” ilə siyasi qul imicinə yeni əlavələr edən Kərimov Əlinin siyasi arenadan tamamilə uzaqlaşması zamanıdır. Etiraf heç zaman gec deyil. Bu günün reallığı, qalib, bütövləşən, yeni dövrə qədəm qoyan Azərbaycanın hazırda inkişafın hansı səviyyəsində olduğunu etiraf etməsi üçün Kərimov Əlidən cəsarət tələb olunur. Amma Kərimov Əlinin buna cəsarəti çatmır. O, utanmadan 30 il ərzində etdiyi kimi, yenə də xalqımıza, milli maraqlarımıza qarşı xəyanətlərini davam etdirir, utanmadan qələbəmizi kiçiltməyə çalışır. Başqa sözlə Kərimov Əli riyakar, avantürist olduğu üçün uğurlarımızı etiraf edə bilmir.
Milli Məclisin deputatı bildirib ki, Azərbaycanın əleyhinə birləşən bütün qüvvələr məğlub oldu, Kərimov Əli də onlarla birlikdə. Onun eyni səngərdə dayandığı, dəstək aldığı, sifarişlərini yerinə yetirdiyi erməni lobbisi, fransız deputatlar, Avropa Parlamenti, “Amnesty International”, “Human Rights Watch”, Azərbaycanı sanksiya ilə hədələyənlər, Borellər, Frenk Pallonelər üçün iflas günü yaşandı. Bədxahlarımızın, erməni lobbisinin, eləcə də kərimov əli kimilərin istəyib-istəməməsindən, qəbul edib-etməməsindən asılı olmayaraq dövlətimiz böyük siyasi uğur qazandı. Hər zaman milli maraqlarımıza qarşı düşmən səngərində yer alan Kərimov Əli isə adını Azərbaycanın siyasi tarixinə satqın və xəyanətkar kimi yazdırıb.