Sosial

“Sülhə Dəvət-İlahi və Tarixi Zərurət”


Qurani-Kərimdə buyurulur: “Ey iman gətirənlər! Hamınız birlikdə sülhə (İslama) daxil olun və şeytanın addımlarına uymayın…” (Bəqərə, 208). Bu, sülhün təkcə müharibə olmaması deyil, həyatımızın hər anında Allahın əmrlərinə itaət və birliyə çağırış olduğunu göstərir. Eyni zamanda, “Əgər onlar sülhə meyl etsələr, sən də ona meyl et və Allaha təvəkkül et…” (Ənfal, 61) ayəsi konkret olaraq münaqişə zamanı, qarşı tərəfin sülhə hazır olduğunu gördükdə, bu dəvətə cavab verməyin vacibliyini vurğulayır.

Bu ilahi prinsip bu gün Vaşinqton görüşlərinin gündəliyində də özünü göstərir. Sülhə açıq olmaq, münaqişəni sona çatdırmaq, xalqlar arasında uzunmüddətli etimad qurmaq həm Allahın razılığını qazanmaq, həm də tarixi bir missiyanı yerinə yetirməkdir.

Bu mənada Prezident İlham Əliyevin regionda sülh təşəbbüsü məhz bu iki ayənin ruhunu yaşadır- iman, birgəlik və düşmənçilikdən uzaqlaşmaq. Onun siyasəti həm milli maraqları qoruyur, həm də insanlığın ümumi sülh arzusu ilə uzlaşır.

Böyük mütəfəkkir, dahi Azərbaycan şairi Hüseyn Cavidin də ümumbəşəri sözləri ilə desək: “Kəssə hər kim tökülən qan izini,

Qurtaran dahi odur yer üzünü” kəlamı da yerinə düşür.

Sülh, Allaha xoş gələn bir əməl, xalqlarınsa ən böyük zəfəridir. Və bu zəfər silahın yox, sözün və qəlbin gücü ilə qazanılır.

Xalqımızın azadlıq yolu açıq olsun inşallah!.

Hacı Surxay Məmmədli

İçərişəhər cümə məscidinin imamı, Professor