Siyasət

“Ərazi iddialarının ləğvi sülhün əsas şərtidir”


“Azərbaycan dövləti 44 günlük Vətən Müharibəsində qazandığı tarixi qələbə və daha sonra həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində ərazi bütövlüyünü tam təmin edib”.Bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi Sahil Kərimli deyib.

O bildirib ki, bu reallıqlar artıq yalnız regionda deyil, dünya səviyyəsində, xüsusilə aparıcı superdövlətlər tərəfindən qəbul olunmağa başlayıb: “Bir neçə gün əvvəl Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistan Baş Naziri Nikol Paşinyan və ABŞ Prezidenti Donald Trampın Vaşinqtonda keçirilən görüşündə əldə edilən razılaşmalar, imzalanan sənədlər və verilən bəyanatlar da bu mövcud vəziyyətin bariz nümunəsidir. Amerika Birləşmiş Ştatlarının paytaxtında, ölkənin ən yüksək siyasi səviyyəsində əldə edilmiş bu razılaşmalar yeni regional reallıqların təcəssümüdür.

Azərbaycan Cənubi Qafqazda sülh və təhlükəsizliyin təmin olunması, dayanıqlı iqtisadi rifahın yaradılması və iqtisadi inkişafın sürətləndirilməsi üçün bütün imkanlarını səfərbər edib. Bu gün biz həmin tarixi qələbənin və uğurun nəticələrinə birgə şahidlik edirik. Bu prosesdə ATƏT-in Minsk Qrupunun fəaliyyətinin dayandırılması, Ermənistanın Konstitusiyasında ərazi iddialarına son qoyulması ilə bağlı öhdəlik götürməsi, Zəngəzur dəhlizinin açılması məsələsində konstruktiv mövqenin ortaya qoyulması kimi mühüm addımlar öz əksini tapır.

Eyni zamanda, bölgədə nüfuz əldə etmək istəyən bəzi qüvvələrin, o cümlədən Rusiya və İranın təxribatçı fəaliyyətləri neytrallaşdırılıb. Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmasına maneçilik törətmək cəhdləri Azərbaycan siyasi iradəsi və ABŞ-ın dəstəyi ilə qarşısı alınaraq, həmin qüvvələr artıq prosesdən kənarda qalırlar. Bu isə Cənubi Qafqazda yeni geosiyasi mərhələnin başlanğıcını qoyur.

Bu yeni mərhələ Azərbaycan siyasi iradəsi ilə irəliləyir və yaxın gələcəkdə, təxminən 2026-cı ildə Ermənistan Konstitusiyasında ərazi iddialarının rəsmi şəkildə ləğv edilməsindən sonra Azərbaycan və Ermənistan arasında dayanıqlı, ədalətli və uzunmüddətli sülh müqaviləsinin imzalanacağına əminlik yaranır. Bu müqavilə Azərbaycanın bölgədə sülhə və təhlükəsizliyə verdiyi ən mühüm töhfə kimi qiymətləndirilməlidir və regionda sabitliyin bərqərar olmasına xidmət edəcək”.