Payızda hansı meyvə-tərəvəzlər bahalaşacaq?
“Cari ildə payız mövsümündə meyvələrin qiymətlərinin nisbətən yüksək olacağı proqnozlaşdırılır. Bu vəziyyətin əsas səbəbi məhsuldarlığın aşağı səviyyədə olmasıdır. Payıza doğru tərəvəz qiymətlərində də artım gözlənilir. Məsələn, artıq qarpız məhsulu bazara çıxarılıb və məhsul həcminin az olması qiymətlərin bahalaşmasına səbəb olacaqdır”. Bu sözləri SİA-ya açıqlamasında Liberal İqtisadçılar Birliyinin sədri Akif Nəsirli deyib.
Akif Nəsirli sözlərinə belə davam edib: “Yay mövsümündə kartof qiymətlərində əhəmiyyətli ucuzlaşma müşahidə edilməmiş, soğanın da mövsümi göstəricilərə nisbətən yüksək qiymətlə satışı davam etmişdir. Mövcud tendensiya payız aylarında da qalacaqdır. Payızda yetişən soğan məhsulu bazara daxil olduqda qiymətlər müvəqqəti olaraq aşağı düşə bilər. Lakin məhsuldarlığın zəif olması səbəbindən bu ucuzlaşma uzunmüddətli olmayacaqdır.
Kartof məhsuldarlığı da ötən mövsümlə müqayisədə aşağıdır. Hazırda Şimal bölgəsində, xüsusən Gədəbəy, Tovuz və Qazax rayonlarında kartof yığımı prosesi gedir. Qısa müddətli qiymət azalması mümkündür, lakin sonradan qiymətlər yenidən artacaqdır.
Ümumilikdə, payız mövsümündə bütün meyvə-tərəvəz məhsullarının bahalaşması ehtimal olunur. Bu prosesin başlıca səbəblərindən biri temperaturun enməsi ilə əlaqədar məhsuldarlığın azalmasıdır. Meyvə ağaclarında məhsuldarlıq çiçəklənmə dövründən başlayaraq mövsüm boyu davam etsə də, tərəvəzlər qısa müddətdə yetişir və temperatur dəyişikliklərinə daha həssasdır. Temperatur aşağı olduqda məhsuldarlıq da azalır, yüksək temperatur şəraitində isə əksinə, məhsuldarlıq artır (digər amillərin sabit qalması şərti ilə)”.
Ayşən Vəli