Sabirabadda Beynəlxalq Gənclər Günü qeyd olunub
12 Avqust – Beynəlxalq Gənclər Günü münasibətilə Sabirabad rayonunda yerləşən “Hophopnamə” kitab mərkəzində rayon gənclərinin iştirakı ilə musiqili və əyləncəli tədbir keçirilib.
SİA xəbər verir ki, bu barədə Mil-Muğan Regional Gənclər və İdman İdarəsindən məlumat verilib.
Bildirilib ki, tədbir Mil-Muğan Regional Mədəniyyət İdarəsinin, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Mil-Muğan regional nümayəndəliyinin, Sabirabad Gənclər Evinin, Mədəniyyət İşçiləri Həmkarlar İttifaqının Sabirabad rayon Komitəsinin birgə təşkilatçılığı ilə reallaşıb.
Tədbirdə çıxış edənlər gəncləri təbrik edərək, onlara gələcək həyatlarında uğurlu karyera və yüksəliş arzulayıblar. Dövlət gənclər siyasəti barədə danışanlar, ölkəmizdə gənclərin inkişaf etdirilməsindən, onların sosial, təhsil, mədəni və iqtisadi sahələrdə iştirakının təmin edilməsi məqsədilə həyata keçirilən sistemli tədbirlərdən və proqramlardan danışıblar. Gənclərin təhsil və peşə hazırlığının yaxşılaşdırılması, sağlamlığının qorunması və sosial müdafiəsi, məşğulluq imkanlarının genişləndirilməsi, mədəni və idman fəaliyyətlərinin inkişafı və bu kimi amillərin dövlət gənclər siyasətinin prioritet məsələləri olduğu diqqətə çatdırılıb. Qeyd edilib ki, Azərbaycanda gənclər siyasəti dövlət proqramları və qanunvericilik vasitəsilə həyata keçirilir. “Azərbaycan Respublikasında gənclər siyasəti haqqında” Qanun və “Azərbaycan Respublikasında gənclər siyasətinin Dövlət Proqramları” bu sahədə əsas sənədlərdəndir. Gənclər Fondunun yaradılması, müxtəlif gənclər forumlarının təşkili, gənclər üçün təhsil və iş imkanlarının artırılmasının da buna nümunə olduğu diqqətə çatdırılıb. Tədbir zamanı gənclər üçün müxtəlif musiqi nömrələri və mahnılar ifa olunub, daha sonra viktorina keçirilib. Viktorinanın qalibləri hədiyyələrlə mükatlandırılıblar.