“Azərbaycanın ərazi bütövlüyü bərpa olunub”
“Azərbaycanın 2020-ci ildən əldə etdiyi nəticələr həm ölkəmizin ərazi bütövlüyünün bərpasıdır, həm qələbəmizdir, həm də ədalətsizliyin aradan qaldırılmasıdır”. Bu sözləri SİA-ya açıqlamasında Azad Vətən Partiyasının sədri Akif Nağı deyib.
Onun sözlərinə görə, bu, eyni zamanda regionda addım-addım sülhün və sabitliyin təmin olunmasına xidmət edir: “Ermənistan daim müəyyən qüvvələrin əlində alət kimi istifadə olunmuş və ən azı son yüz ildə Azərbaycana qarşı müxtəlif təxribatlara cəlb edilmişdir. İstər 1905–1906-cı illərdə, istər 1918–1920-ci illərdə, istərsə də Sovet imperiyası dövründə ermənilərin əli ilə Azərbaycana qarşı çoxsaylı təxribatlar törədilmişdir. Həmişə regionda sabitliyi pozan qüvvələr məhz erməni təşkilatları və qurumları olmuşdur.
İndi çox ciddi bir nəticə əldə olunub. Yüzillik mübarizənin nəticəsi olaraq, ermənilərin alət rolundan çıxarılması, yəni zərərsizləşdirilməsi mümkün olub. Əgər alət varsa, ondan istifadə etmək istəyənlər də tapılır. Ermənilər bir vaxtlar Qərbin də, Rusiyanın da əlində alət kimi istifadə olunublar. Son 30 ildə Rusiya bu alətdən regionda sabitliyi pozmaq və nəzarəti əlində saxlamaq üçün istifadə edib. Qərb də müəyyən dövrlərdə bu rolu oynayıb. Otuz ilin ərzində gah Qərb təşəbbüs göstərib, Ermənistan Qərbə meyl edib və Qərbin sifarişlərini yerinə yetirib. Lakin sonradan Ermənistan gördü ki, Qərbdən real dəstək yoxdur və yenidən Rusiyanın təsir dairəsinə qayıdaraq onun alətinə çevrildilər, tam sonadək də Rusiyanın təsirində qaldılar.
Bu mənada sənədlərin imzalanması və ya sülh sazişinin paraflanması əlbəttə ki, ciddi addımdır, lakin bunu həddindən artıq şişirtmək doğru deyil. Bu, regionda təhlükəsizliyin və sabitliyin təmin olunması baxımından mühüm bir addımdır. Amma risklər hələ də qalır, çünki Ermənistan, erməni siyasi xarakteri baxımından, imzaladığı sənədlərə hörmətlə yanaşmır. Bununla belə, bu böyük nəticədir. Belə bir sənədin imzalanması təkcə Azərbaycanın deyil, bütün regionun xeyrinədir. Gürcülər də özlərini rahat hiss edəcək, ermənilər də müəyyən bir dövrə qədər eyni şəkildə. Lakin bu yalnız o vaxta qədər davam edəcək ki, ermənilər bir az güclənən kimi yenidən Azərbaycana və regionun digər xalqlarına qarşı təxribatlara başlamasınlar”.
Sədr eyni zamanda qeyd edir ki, bu gün Azərbaycan müəyyən təhlükələri aradan qaldırıb, amma risklər hələ də mövcuddur. Azərbaycan prosesi sonadək aparmalı, elə bir mərhələyə çatdırmalıdır ki, Ermənistan regionda heç bir təşəbbüs göstərə bilməsin, heç bir təxribatın alətinə çevrilməsin və yeni qarşıdurmalar yarada bilməsin. Əgər bu hədəfə nail olunarsa, demək olar ki, regionda tam sabitlik bərqərar olacaq və bütün böyük bəlalardan region xilas olacaq.
Ermənistanın təxribat potensialı hələ də bir alət kimi istifadə olunur, lakin regionda yaranmış sabitlik bəzi dövlətləri narahat edir, çünki bu, onların maraqlarına uyğun deyil. Ermənistan faktoru ilə bağlı xüsusilə Rusiya və İran nəzərə çarpır. Ehtimal ki, Avropada da bəzi dövlətlər regiondakı vəziyyətdən tam razı deyillər. Region onların nəzarətindən çıxır və Avropa burada istədiyi nəticəni əldə edə bilmir. Xüsusilə Fransa bu istiqamətdə çox çalışsa da, uğur qazana bilmir.
Bununla yanaşı, zaman-zaman yeni şəraitlər formalaşır və bu da müəyyən təhlükələri gündəmə gətirə bilər. Rusiyanın bu istiqamətdə planlar qurduğu istisna deyil. Lakin Azərbaycanın imkanları kifayət qədər güclüdür. Regionda Türkiyə ilə birgə mövqeyi güclüdür. Azərbaycanla ABŞ arasında münasibətlər mövcuddur, eyni zamanda Azərbaycan artıq super iqtisadi gücə çevrilmiş Çinlə strateji tərəfdaşlıq müqaviləsi imzalayıb. ABŞ-la da strateji tərəfdaşlıq barədə müqavilə hazırlanır və əslində bu tərəfdaşlıq praktikada artıq mövcuddur. Azərbaycanın gücü onun ərazisinin kiçikliyi ilə deyil, maliyyə-iqtisadi imkanları, geostrateji mövqeyi və davamlı siyasəti ilə ölçülür. Azərbaycan bütün təxribatlara qarşı təkbaşına dayana bilir və super dövlətlər də bununla hesablaşırlar.
Bu gün bəzi dairələr regiondakı proseslərin qarşısında “tıxac” kimi məhz Azərbaycanı görür və bu səbəbdən ölkəmizə qarşı müxtəlif ifadələr işlədilir. Amma reallıq budur ki, Azərbaycan kifayət qədər güclü amillərə malikdir və hər kəs bu amillərlə hesablaşır. Hətta İran da bu reallığı nəzərə almağa məcburdur. Azərbaycanda baş verən proseslər İranın öz daxilində, xüsusilə azərbaycanlıların yaşadığı bölgələrdə də əks-səda doğurur və bu təsadüfi deyil.