Pirallahı rayonunda növbəti səyyar görüş keçirilib
13 avqust 2025-ci il tarixində Gürgən qəsəbəsində fəaliyyət göstərən 231 nömrəli tam orta məktəbdə Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanovun qəsəbə sakinləri ilə səyyar görüşü keçirilib. SİA xəbər verir ki, qəbulda RİH-nin məsul əməkdaşları, idarə, təşkilatların rəhbərləri iştirak ediblər.
Vasif İmanov qeyd edib ki, vətəndaşların qəbulu Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin əhali ilə daha sıx təmasda olmaq barədə tapşırığına uyğun olaraq keçirilir və əsas məqsəd insanların problemlərini dinləmək və operativ şəkildə həll etməkdir.
Sonra RİH başçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə aparılan sosial-iqtisadi islahatlar barədə ətraflı məlumat verib. Natiq bildirib ki, ölkəmizin nüfuzu dünyada günü-gündən artır. Qeyd edilib ki, Prezident İlham Əliyevin dünyada gedən geosiyasi və geoiqtisadi proseslərə böyük uzaqgörənliklə yanaşması, hadisələri düzgün qiymətləndirmək qabiliyyəti həyata keçirilən xarici siyasətin uğurlarını şərtləndirən əsas faktorlardan biridir. Ölkəmiz Cənubi Qafqaz regionunda əsas söz sahibi olan dövlət kimi çətin və mürəkkəb geosiyasi şəraitdə müstəqil xarici siyasət həyata keçirir. Ard-arda dövlət başçımızın xaricə səfərləri, səfərlər çərçivəsində imzalanan sazişlər, ölkəmizə gələn xarici qonaqlar və baş tutan nüfuzlu beynəlxalq konfranslar bunun bariz nümunəsidir.
Sonra V.İmanov rayonda aparılan abadlıq-quruculuq işləri barədə ətraflı məlumat verib. Diqqətə çatdırılıb ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Bakı şəhər Pirallahı rayonunun yaradılmasına dair qanunun tətbiqi barədə sərəncamı imzaladıqdan sonra, rayonun qəsəbələrində geniş quruculuq və abadlıq işlərinə start verilib.
Sonda vətəndaşların müraciətləri dinlənilib. Görüşdə iştirak edən qəsəbə sakinləri əsasən abadlıq-quruculuq işləri, mənzillə təmin olunma və s. məsələlər ilə bağlı müraciət etdilər. Vətəndaşlar tərəfindən qaldırılan məsələlər dinlənilərək qeydiyyata alınıb və həlli istiqamətində yerində aidiyyəti üzrə idarə və təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar verilib.