“Podul” qasırğası Tayvanın cənubunu vurub
Çərşənbə günü “Podul” qasırğası Tayvanın cənubunu vurub, küləyin sürəti saatda 191 km-ə çatıb, bir nəfər itkin düşüb.
SİA yerli mənbələrə istinadən xəbər verir ki, hakimiyyət orqanları 5 mindən çox insanı təxliyə edib. Bütün daxili və bəzi beynəlxalq reyslər ləğv edilib. Bəzi rayonlarda məktəblər və ofislər bağlanıb.
Tayvanın Mərkəzi Meteorologiya İdarəsi məlumat yayıb ki, “Podul” cənub-şərqdəki Taytun şəhərini vurub, adanın cənub qurtaracağından keçib və təxminən üç saat sonra Tayvan boğazına daxil olub.
Yaxın günlərdə Tayvana 190 mm-ə qədər yağış yağacağı proqnozlaşdırılır.
“Qasırğa bu həftənin sonunda Çinin cənub Futszyan əyalətinə doğru hərəkət edəcək. Çinin cənub və cənub-qərbində cümə gününə qədər güclü yağışlar gözlənilir, çünki qasırğanın qalıqları ölkə daxilində hərəkət edir”, – deyə Çin Meteorologiya Bürosu məlumat yayıb.