Siyasət

“Region yeni eraya qədəm qoyur”


“İlham Əliyevin Vaşinqtona səfəri həm diplomatik, həm də geostrateji baxımdan tarixi zəfər kimi qiymətləndirilə bilər”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Qədir Aslanlı deyib.

Onun sözlərinə görə, bu səfərin mahiyyəti təkcə iki ölkə arasında münasibətlərin inkişafı ilə məhdudlaşmır, həm də regionda formalaşan yeni güc balansını ifadə edir. Çünki bu münaqişənin kökləri iki əsr əvvələ, böyük güclərin yaratdığı siyasi düzənə gedib çıxır: “Həmin dövrdə mövcud olan imperiyaların əksəriyyəti artıq tarix səhnəsindən silinib, yalnız Rusiya Federasiyası imperiya irsini daşıyan dövlət kimi qalıb. Bununla belə, Azərbaycan okeanın o tayında, 10 min kilometr uzaqlıqda belə, özünə etibarlı müttəfiqlər tapmağı bacardı. ABŞ və digər tərəfdaş ölkələr vasitəsilə silah-sursat təmin edildi, ticarət əlaqələri quruldu, neft ixracından əldə edilən gəlirlər hesabına ordu gücləndirildi. Bütün bunlar Prezident İlham Əliyevin strateji planlamasının nəticəsi olaraq həyata keçirildi və bu gün uğurlu nəticələrini verir.

Əvvəlcədən proqnozlaşdıranlardan biri idim ki, bu məsələnin yekun həlli ABŞ-da tapılacaq. Çoxları düşünürdü ki, Moskva proseslərin son məkanına çevriləcək, amma hadisələrin gedişi tamamilə fərqli istiqamət aldı. Regionda yeni bir səhifə açıldı, ABŞ-ın dost və müttəfiqlərinin sayı artdı. Qeyd etmək lazımdır ki, ABŞ son otuz ildə regiona dəfələrlə daxil olmağa çalışmışdı – 1990-cı illərin əvvəlində, 2000-ci illərin əvvəllərində, 2010-cu illərdə – lakin erməni məsələsi və Bakı ilə razılaşmanın çətinliyi buna mane olurdu. Nəhayət, dördüncü cəhddə bu məqsəd reallaşdırıldı. Rəsmi Bakı ilə razılığa gəlmək, əslində, bütün regionla anlaşma əldə etmək deməkdir.

Müttəfiqlərimizdən biri olan İsrail Prezidenti İsxak Hersoq 2023-cü ilin aprelində Azərbaycana səfəri zamanı qeyd etmişdi ki, regionda yeni təhlükəsizlik sistemi formalaşır. O vurğulamışdı ki, bu sistemdə İran istisnadır. Mən isə əlavə edirəm ki, Rusiya da istisnadır. Beynəlxalq nəqliyyat yollarından, ticarət marşrutlarından Rusiya və İranın kənarda saxlanılması bu layihələrin əsas məqsədinə çevrilib və Azərbaycan burada açar rolunu oynayır. Bu, sadəcə siyasi mövqe deyil, həm də iqtisadi və təhlükəsizlik baxımından strateji bir zərurətdir”.

Politoloq qeyd edir ki, ABŞ Prezidenti ilə imzalanan sənədlər təkcə bugünkü münasibətlərin təsdiqi deyil, həm də regionun növbəti yüz ili üçün sülh, sabitlik və əməkdaşlıq vəd edən tarixi razılaşmalardır. Bu sənədlər göstərdi ki, region əvvəlki kimi olmayacaq. Rusiyanın geri çəkildiyi məkanlarda strateji boşluq qalmır, əksinə, bu boşluğu ABŞ və onun tərəfdaşları doldurur. Bu isə keyfiyyət və məzmun baxımından tamamilə yeni bir mərhələdir.

Beynəlxalq hüquqi sənədlərin və siyasi arxitekturanın dəyişəcəyi artıq şübhə doğurmur. Hərbi doktrinalar, milli təhlükəsizlik konsepsiyaları yenilənəcək, təkcə Azərbaycan deyil, Ermənistan, Gürcüstan, Türkiyə kimi region ölkələri də bu prosesə qoşulacaq. Münaqişədən ticarətə, qarşıdurmadan əməkdaşlığa keçid mərhələsi başlayır.

Bu, İlham Əliyevin illərdir irəli sürdüyü ən böyük məqsədlərdən biri idi – regionda uzunmüddətli sülhün, sabitliyin və iqtisadi çiçəklənmənin təmin edilməsi. Vaşinqtonda atılan imzalar bu məqsədin gerçəkliyə çevrildiyini sübut etdi. Azərbaycanın liderliyi ilə region artıq yeni bir eraya qədəm qoyur və bu prosesin nəticələri həm xalqımız, həm də qonşu xalqlar üçün faydalı olacaq.