Siyasət

Bolqarıstan mətbuatında Azərbaycan-Ermənistan sülh müqaviləsinin əhəmiyyətinə dair məqalələr dərc olunub


Bolqarıstan mətbuatında Azərbaycan, Ermənistan və ABŞ liderləri tərəfindən Vaşinqton şəhərində imzalanmış birgə bəyannamənin, habelə xarici işləri nazirləri tərəfindən paraflanmış sülh müqaviləsinin beynəlxalq siyasi əhəmiyyəti ilə bağlı məqalələr dərc olunub. SİA xəbər verir ki, yayılan məqalələrdə Azərbaycan və Ermənistan liderlərinin on illiklər davam edən münaqişəyə son qoyulması üzrə yekun sülh sazişinin təsdiq etməsi və bunun regional və qlobal təhlükəsizliyə və inkişafa əhəmiyyətli dərəcədə töhfə verməsi yüksək təqdir olunur.

Əldə olunmuş razılaşmanın Asiya ilə Avropanı birləşdirən beynəlxalq bağlantıların təmin olunması və regional kommunikasiyaların açılması baxımından önəmli əhəmiyyət daşıdığı vurğulanır. Azərbaycanın əsas hissəsi ilə onun Naxçıvan Muxtar Respublikası arasında Ermənistan ərazisindən maneəsiz gediş-gəlişin təmin olunması, eyni zamanda Ermənistanın da Azərbaycan ərazisi vasitəsilə ticarət və nəqliyyat əlaqələrindən faydalanacağı xüsusi olaraq qeyd olunur.

Razılaşmanın dövlətlərin suverenliyinə, ərazi bütövlüyünə və yurisdiksiyasına hörmət əsasında və mehriban qonşuluq prinsipləri üzərində tərtib olunduğu bildirilir.

Məqalələrdə, həmçinin avqustun 8-də Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin ATƏT-in fəaliyyətdə olan sədrinə birgə müraciət edərək, 1992-ci ildən münaqişənin sülh yolu ilə həllində vasitəçilik vəzifəsi daşıyan, lakin bu missiyanı tamamilə yerinə yetirə bilməmiş ATƏT-in Minsk prosesinin və onun aidiyyəti təsisatlarının fəaliyyətinin dayandırılmasını tələb etdiyi diqqətə çatdırılır. Bildirilir ki, iki ölkə arasında gələcək münasibətlərin və əməkdaşlığın əsas prinsiplərini və istiqamətlərini müəyyən edən əsas çərçivə sənədi olan Sülh Sazişi Azərbaycan və Ermənistanın dövlət sərhədlərini dünya birliyi tərəfindən tanınan beynəlxalq sərhədlər kimi təsdiq edir, hər iki ölkənin suverenliyini, ərazi bütövlüyünü, beynəlxalq sərhədlərinin toxunulmazlığını və siyasi müstəqilliyini tanıyır, separatizmi qəti şəkildə rədd edir.