Sosial

gənclər komforta görə kəndə qayıtmaq istəmir”


“Bu proses təkcə Azərbaycanda yox, bütün dünyada gedib. Sadəcə olaraq, biz bir qədər gec keçdik bu mərhələdən, çünki sovetlər birliyinin tərkibində yaşayırdıq və süni maneələrlə kənddə insanları saxlamağa çalışırdılar. Amma bununla yanaşı maraqlı, həvəsləndirici və motivasiyaedici proqramlar da tətbiq olunurdu”. Bu sözləri SİA-ya açıqlamasında sosioloq Aydın Xan Əbilov deyib.

Onun sözlərinə görə, həmin dövrdə kənddə həm həyat, həm torpaq, həm də sosial təminatlar daha çox idi. Kolxoz və sovxozlar fəaliyyət göstərirdi. Xüsusilə sovxozlar kənd təsərrüfatı idarəetmə strukturu kimi işləyirdi və orada işləyənlər, hətta işləməyənlər belə minimum əmək haqqı alırdılar. Evlənənlərə torpaq sahəsi ayrılırdı, ev tikmək üçün cəmiyyət kömək edir, hökumət aşağı faizlə kreditlər verirdi. Bəzən bu kreditlər illərlə geri alınmırdı. Bütün bu amillər kənddə insanları saxlayırdı: “SSRİ dağıldıqdan sonra torpaqlar əhaliyə paylandı, amma kəndlərdə həm iqtisadi, həm sosial, həm də məişət səviyyəsi aşağı düşdü. Xaos yarandı. Bunun bir səbəbi sovet bazarının itməsi idi. Kənd təsərrüfatına dəstək verən imkanlar yox oldu. Qarabağın işğalı nəticəsində ölkənin 20 faiz torpağı itirildi və şəhərlərə, xüsusilə Bakıya, məcburi köç başladı. Üstəlik, kolxoz və sovxozlar dağıldı, yerində isə səmərəli fermer təsərrüfatları yaranmadı. Əhalinin böyük qismi əvvəl bu kolxoz və sovxozlarda çalışırdı. Öz torpağında da əkin-biçin edirdi və məhsulunu bazarda sataraq dolanırdı. Amma bu sistem dağıldı, kəndlər boşalmağa başladı. İşsizlik artdı, narkomaniya yayıldı, ənənəvi iş yerləri yoxa çıxdı. Gənclər şəhərlərə və ya xaricə üz tutdu. Kəndin aktiv əhalisi getdikcə azaldı.

Vaxt keçdikcə sosial yardım, pensiyalar və dövlət dəstəkləri artsa da, bu, kənd əhalisinin işə marağını azaltdı. Əkinçilikdə məhsulun maya dəyəri artdı, satış qiyməti ucuz qaldı, mənfəət qazanmaq mümkün olmadı. Şəhərlərdə qiymətlər artsa da, kənd məhsullarının qiyməti aşağı idi. Kredit faizləri yüksək oldu, ipoteka imkanı isə kəndlilər üçün əlçatmaz oldu. Kənd torpaqları iri fermerlər, məmurlar və oliqarxlar tərəfindən alındı. Bəzi hallarda torpaqlar ya ucuz qiymətə satıldı, ya da kəndlilərin əlindən alındı. Beləliklə, kənddən şəhərə və xaricə köç prosesi sürətləndi. Ən qorxulusu odur ki, ikinci mərhələdə kənddən çıxanlar əmək qabiliyyətli, peşəkar və gənc insanlar idi. Onlar şəhərdə, hətta pis şəraitdə yaşamağa razı idilər, amma kəndə qayıtmaq istəmirdilər. Komforta alışdıqdan sonra çətin kənd şəraitinə dönmək istəmədilər. Su problemi, infrastrukturun zəifliyi, məhsulun maya dəyərini ödəməməsi kəndin cazibəsini azaltdı. Düzdür, dövlət son illərdə müxtəlif proqramlar həyata keçirir, məşğulluq idarələri, subsidiyalar, kənd təsərrüfatına dəstək tədbirləri var. Amma hələ də bu proses gecikmiş görünür.

Kəndli üçün texnika almaq, təsərrüfat qurmaq çox çətindir. Kreditlər bahadır, texnika baha başa gəlir. Agroparklar və soyuq anbarlar tikilsə də, ixracda ucuz məhsulun çoxluğu yerli məhsulun satılmasına mane olur. Bu reallıqla barışmaq lazımdır. Özümüzü aldatmaq olmaz. İndi Qarabağda “ağıllı kənd” və “ağıllı qəsəbə” modelləri qurulur. Bu modelin ölkənin digər bölgələrində də tətbiqi vacibdir. Kiçik dağ kəndləri birləşdirilərək iri yaşayış məntəqələri formasında bərpa olunmalı, ətraf ərazilər isə kənd təsərrüfatı, turizm, heyvandarlıq və balıqçılıq üçün istifadə edilməlidir. Hazırda kəndlərimizdə böyük iş yerlərinə yox, orta səviyyəli, dayanıqlı təsərrüfatlara ehtiyac var. Bunun üçün kənddə işləmək istəyənlərə kreditlər, subsidiyalar, ipoteka və sosial dəstək lazımdır. Hətta kənddə ev tikmək istəyənlər üçün faizsiz və ya mənfi faizlə kreditlər verilməlidir. Sosial müavinətlər və uşaq pulları geniş tətbiq olunmalıdır. Əvvəllər mən deyirdim ki, insanlara sadəcə yardım yox, imkan yaradılmalıdır. Dövlət bu sahədə addımlar atıb – texnika, mal-qara, subsidiya, gübrə, yanacaq güzəştləri verilir. Amma bu imkanlardan əsasən məmurlar və onlara yaxın şəxslər istifadə edir. Sadə kəndli isə kənarda qalır. Nəticə olaraq, bu proses urbanizasiya və qloballaşmanın bir hissəsidir. Bununla mübarizə aparmaq əvəzinə, çıxış yollarını tapmalıyıq. Məncə, kiçik agroparklar, texnoloji yeniliklər və motivasiyaedici proqramlarla bu axının qarşısını müəyyən qədər almaq mümkündür”.