Mövsümi depressiya-psixoloji pozuntu, yoxsa xəstəlik?
“Mövsümi depressiya – tibbi adı ilə mövsümi affektiv pozuntu – ilin müəyyən dövrlərində, xüsusilə payız və qış aylarında müşahidə olunan psixoloji haldır.Bu vəziyyət gün işığının azalması və orqanizmdə baş verən bioloji dəyişikliklərlə bağlıdır”.Bunu psixoloq Almara Ağaqızı SİA-ya açıqlamasında bildirib.
“Mənim fikrimcə, insanların əksəriyyəti bu halı ‘hava dəyişdi, kefim yoxdur’ kimi sadələşdirir. Halbuki bu, real və ciddi psixoloji pozuntudur”, – deyə psixoloq bildirib.
Almara Ağaqızının sözlərinə görə, elmi araşdırmalara əsasən, mövsümi depressiyanın əsas səbəbləri bunlardır:
– Günəş işığının azalması nəticəsində bioloji saatın – sirkadiyal ritmlərin pozulması
– Serotonin səviyyəsinin düşməsi və əhval-ruhiyyənin aşağı düşməsi
– Melatonin balansının dəyişməsi və bunun nəticəsində yuxululuq və halsızlıq
“Payız və qış aylarında, xüsusilə həssas sinir sisteminə malik insanlarda bu hallar daha çox müşahidə olunur. Hətta psixoloji problemi olmayan şəxslərdə belə enerjisizlik və passivlik artır”, – deyə psixoloq vurğulayıb.
Mövsümi depressiyanın əsas əlamətləri aşağıdakılardır:
– Uzunmüddətli kefsizlik və əhvalın aşağı olması
– Yuxululuq və enerji çatışmazlığı
– İştah artımı, xüsusilə şirin və un məmulatlarına meyil
– Sosial təcridə meyillilik
“Bəzi insanlar bu dövrdə işdən və sosial həyatdan uzaqlaşmaq istəyir, digərləri isə emosional boşluğu yeməklə doldurmağa çalışır”, – deyə psixoloq qeyd edib”.
Almara Ağaqızı hesab edir ki, bu pozuntu ilə mübarizədə kompleks yanaşma ən effektiv nəticə verir:
1. İşıq terapiyası – Günəş işığını imitasiya edən lampalardan gündəlik istifadə
2. Psixoterapiya, xüsusilə Koqnitiv Davranış Terapiyası (KDT)
3. Fiziki aktivlik – açıq havada hərəkət serotonin səviyyəsini artırır
4. Düzgün qidalanma – Omega-3, B vitaminləri və zülalla zəngin qidalar tövsiyə olunur
“Ən vacib məsələ – problemi vaxtında qəbul etmək və yardım almağa çəkinməməkdir. Mövsümi depressiya sadəcə “keçici kef pozuntusu” deyil, müalicə tələb edən real psixoloji vəziyyətdir”, – deyə Almara Ağaqızı fikrini tamamlayıb.