“Zəngəzur dəhlizi (Tramp yolu / TRİPP) region üçün strateji üstünlüklər yarada bilər”
“Zəngəzur dəhlizi (Tramp yolu / TRİPP) layihəsinin reallaşması, təkcə Azərbaycan və Ermənistan üçün deyil, bütövlükdə region ölkələri üçün ciddi strateji üstünlüklər yarada bilər. Əvvəla, bu dəhliz Cənubi Qafqazın nəqliyyat xəritəsini dəyişdirəcək, regionun Avropa ilə Asiya arasında mühüm logistika qovşağına çevrilməsinə imkan verəcək”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Tofiq Abbasov deyib.
Onun sözlərinə görə, Azərbaycan üçün bu, həm tranzit gəlirlərinin artması, həm də beynəlxalq ticarət şəbəkələrində mövqelərin güclənməsi deməkdir: “Ermənistan üçün isə dəhlizin açılması iqtisadi blokadadan çıxmaq, yeni ticarət bazarlarına çıxış əldə etmək və iqtisadiyyatını şaxələndirmək üçün tarixi bir fürsətdir. Bu, həm də iki ölkə arasında etimad mühitinin yaranmasına və uzunmüddətli sülh prosesinə töhfə verə bilər. Region ölkələri – xüsusilə Türkiyə, İran, Gürcüstan və Mərkəzi Asiya dövlətləri üçün də Zəngəzur dəhlizi (Tramp yolu / TRİPP) mühüm əhəmiyyət daşıyır. Bu marşrut onların Avropa bazarlarına daha qısa və təhlükəsiz yolla çıxışını təmin edəcək. Eyni zamanda, layihə beynəlxalq nəqliyyat dəhlizlərinin rəqabət qabiliyyətini artıracaq və bölgədə iqtisadi inteqrasiyanı gücləndirəcək. Geosiyasi baxımdan isə bu dəhlizin açılması Cənubi Qafqazda sabitliyin möhkəmlənməsinə, xarici güclərin təsirinin azalmasına və regional əməkdaşlıq platformalarının güclənməsinə səbəb ola bilər. Bu mənada, Zəngəzur dəhlizi (Tramp yolu / TRİPP) təkcə iqtisadi deyil, həm də siyasi baxımdan strateji əhəmiyyət daşıyan bir layihədir”.