Dünya

Dünya İqtisadi Forumunun qurucusu Klaus Şvaba qarşı irəli sürülən ittihamlar əsassız sayılıb


Davos Dünya İqtisadi Forumunun təsisçisi Klaus Şvab barəsində irəli sürülmüş etik və maliyyə xarakterli anonim ittihamlar əsasında aparılan daxili araşdırma nəticəsində bu iddiaların heç bir əsasının olmadığı müəyyənləşib.

SİA-nın verdiyi məlumata görə, forum tərəfindən müstəqil hüquq firması vasitəsilə aparılan araşdırmanın nəticələrinə əsasən 87 yaşlı K.Şvabın hər hansı ciddi qayda pozuntusuna yol verdiyini sübut edən dəlillər aşkarlanmayıb. Forumun yaydığı rəsmi bəyanatda qeyd olunub ki, şəxsi fəaliyyətlə təşkilat arasında müşahidə olunan cüzi uyğunsuzluqlar məqsədli deyil, əksinə K.Şvabın təşkilata dərin bağlılığını əks etdirir.

Qeyd edək ki, bu ilin yaz aylarında ABŞ-ın “Wall Street Journal” nəşrində K.Şvab və həyat yoldaşının maliyyə və etik davranışlarına dair anonim mənbələrə əsaslanan ittihamlar yayımlandıqdan sonra o, rəhbərlikdən müvəqqəti uzaqlaşmışdı. O, ittihamları rədd etmiş və iftira xarakterli məlumatlarla əlaqədar hüquqi prosedura başlamışdı.

K.Şvabın sözçüsü onun araşdırmanın nəticələrini qəbul etdiyini və gələcək əməkdaşlığa açıq olduğunu bildirib. Eyni zamanda, K.Şvab bundan sonra təşkilatda rəsmi vəzifə daşımayacaq.

Forumun idarəetməsində də dəyişiklik baş verib. “Nestle” şirkətinin keçmiş rəhbəri Peter Brabek-Letmate təşkilatın İdarə Heyətinin sədri təyin olunsa da, qısa müddət sonra istefa verib. Onun vəzifələrini müvəqqəti olaraq “Roche” şirkətinin varisi Andre Hofman və “BlackRock” investisiya şirkətinin qurucusu Larri Fink icra edəcəklər. Yeni rəhbərlik Davos İqtisadi Forumunun dövlət və özəl sektor arasında əməkdaşlıq platforması kimi daha dayanıqlı və effektiv şəkildə fəaliyyət göstərməsi üçün zəruri addımların atılacağını açıqlayıb.

Qeyd edək ki, Klaus Şvab 1971-ci ildə Dünya İqtisadi Forumunu təsis edib. Hər il İsveçrənin Davos şəhərində keçirilən bu forum dünya üzrə siyasətçilər, yüksək vəzifəli menecerlər, alimlər və vətəndaş cəmiyyəti nümayəndələri üçün ən mühüm beynəlxalq platformalardan biri hesab olunur.