Dünya

ABŞ Kiyev üçün iki son ssenarini təsvir edib…


Ukraynada sülh hələ yaxın deyil. Lakin Kiyev üçün ən çox ehtimal olunan iki sonluq aydınlaşır.

SİA-nın məlumatına görə, bu barədə The Wall Street Journal-ın Cənubi Avropadakı bürosunun rəhbəri Markus Uoker yazıb.

Müəllif etiraf edir ki, Donald Tramp və Vladimir Putinin sammitindən sonra Ukrayna üçün iki yol yaranır.

…Ukrayna torpaqlarını itirə bilər, lakin kiçildilmiş də olsa, təhlükəsiz və suveren milli dövlət kimi yaşaya bilər. Alternativ olaraq, Moskvanın təsir dairəsinə qayıdaraq həm ərazisini, həm də suverenliyini itirə bilər.

Bunu yazan Uoker qeyd edir ki, Kiyev hərbi gücünün sərhədlərini bərpa etmək üçün yetərli olmadığını anlayıb. Uokerin fikrincə, birinci ssenari Kiyev və onun müttəfiqləri üçün optimal olacaq.

Onlar ərazilərinin təxminən 20 faizini Rusiyaya verəcək və “güclü müdafiə və Qərbin hərbi dəstəyi ilə onları qorumağa” çalışacaqlar.

Bu variant Koreyanın cənub hissəsinin ABŞ-ın himayəsində qaldığı 1953-cü il Koreya müharibəsini xatırladır.

İkinci ssenariyə görə, Kiyev torpaqlarını, suverenliyini itirəcək və “yenidən Moskvanın təsir dairəsinə düşəcək”. Ordu da ixtisar edilə, silah təchizatı məhdudlaşdırıla, siyasi rejim dəyişdirilə bilər.

Müşahidəçi hesab edir ki, bu, Ukrayna üçün ən pis variantdır. Daha əvvəl “The Washington Post” qəzetinin mənbəsi Zelenskinin Rusiyanın Ukrayna Silahlı Qüvvələrinin Donbasın bütün ərazisindən çıxarılması ilə bağlı şərtlərindən niyə imtina etdiyini yazıb.

Əli Babayev