sağlamlıq üçün zəruri, yoxsa sadəcə biznes?”
“Qida əlavələri faydalı texnologiya olsa da, gizli təhlükə də yaradır”.Bu sözləri SİA-ya açıqlamasında qida eksperti İlkin Şirinov bildirib.
Onun sözlərinə görə, müasir ərzaq sənayesində geniş istifadə olunan qida əlavələri – daha çox tanınan adı ilə E-kodlu maddələr – məhsulların rəngini, dadını və saxlanma müddətini yaxşılaşdırmaq məqsədi daşıyır: “Bu maddələrin texnoloji faydası danılmazdır. Məsələn, konservantlar məhsulların mikrobioloji xarab olmasının qarşısını alır, rəng və dad verən əlavələr isə qidanı daha cəlbedici edir. Hətta bəzi hallarda vitaminlərlə zənginləşdirilmiş əlavələr immun sisteminə də müsbət təsir göstərə bilər.
Allergiyası olan insanlarda, xüsusilə uşaqlarda bəzi rəngləndiricilər və dadlandırıcılar narahatlıq, mədə-bağırsaq problemləri və hiperaktivlik yarada bilər. Nitrat və nitritlər isə əsasən kolbasa və sosiska məhsullarında istifadə olunur və normadan artıq qəbul edildikdə sağlamlıq üçün təhlükəlidir. Həmçinin fast-food məhsullarında, süni içkilərdə və çipsilərdə istifadə olunan qatqılar insan sağlamlığı üçün risklidir”.
İlkin Şirinov bildirib ki, bu əlavələrin istifadəsi bəzi hallarda zəruri ola bilər – məsələn, uzaq məsafələrə daşınacaq məhsulların xarab olmaması üçün. Amma çox zaman məsələ biznes maraqları ilə bağlıdır: “Məhsulun maya dəyərini azaltmaq, görünüşünü cazibədar etmək və süni dad yaratmaq üçün qida əlavələrindən geniş şəkildə istifadə olunur. Bu isə artıq texnologiyanın sağlamlıqdan çox bazara xidmət etməsi deməkdir.Ənənəvi qida mədəniyyətimizdə belə kimyəvi müdaxilələr yox idi. İndi isə süni əlavələrin artması bir çox xəstəliklərin yaranmasına səbəb olur. Buna görə də istehlakçılar maariflənməli, məhsulların tərkibini oxumağı vərdiş halına çevirməli, mümkün qədər təbii qidalanmaya üstünlük verməlidirlər. Eyni zamanda aidiyyəti dövlət qurumları da qida təhlükəsizliyinə nəzarəti gücləndirməlidirlər. Çünki insan sağlamlığı hər şeydən önəmlidir”.