Siyasət

“Vaşinqton razılaşması Böyük Qayıdışa təkan verir”


“Böyük Qayıdış Proqramı böyük uğurla inkişaf edir və keçmiş məcburi köçkünlərimiz öz doğma yurd-yuvalarına qayıdır”. Bu fikirləri SİA-ya açıqlamasında politoloq İlyas Hüseynov deyib.

Politoloqun sözlərinə görə, bu prosesin sürətli şəkildə həyata keçirilməsi müəyyən təhdidlər və çağırışlarla müşayiət olunur, ən ciddi məsələlərdən biri isə siyasi və təhlükəsizlik amilləri ilə bağlıdır: “Ərazilərin uzun illər ərzində minalanması böyük əngəllər yaradır. Minalanmış sahələrin kənd təsərrüfatına yararlı torpaqlar olması Azərbaycanın dayanıqlı inkişafına mənfi təsir göstərir və erməni terroru ilə vandalizmi bu gün də özünü göstərməkdədir. Azərbaycan və Ermənistan arasında yekun sülh müqaviləsinin hələ də imzalanmaması da ciddi problem olaraq qalır. Bununla yanaşı, qalib Azərbaycan Ordusunun bölgədə təhlükəsizliyi təmin etməsi ölkəmizə mühüm üstünlük verir. Azərbaycanın haqlı tələbləri təmin edildiyi halda Ermənistanla sülh müqaviləsinin imzalanması mümkün olacaq.

Vaşinqtonda Azərbaycan Prezidenti cənab İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında tarixi razılaşma baş tutub. ABŞ Prezidenti Donald Trampın şahidliyi ilə mühüm sənədlərin imzalanması böyük prosesin başlanğıcı kimi qiymətləndirilir və bu hadisə, digər istiqamətlərlə yanaşı, Böyük Qayıdış Proqramının sürətlə inkişafına da təkan verir.

Bu proqramın tam həcmdə həyata keçirilməsi Azərbaycanın dayanıqlı inkişafına mühüm töhfə verəcək, Qarabağın və Şərqi Zəngəzurun Azərbaycan iqtisadiyyatına reinteqrasiyasını daha da dinamik şəkildə təmin edəcək və ölkəmizin beynəlxalq uğurlarını daha da möhkəmləndirəcək”.