İqtisadiyyat

Çin avtomobilləri keyfiyyətsizdir?


“2000-ci illərdə və daha əvvəl istehsal olunan Çin avtomobilləri əsasən ucuz materiallar, zəif təhlükəsizlik göstəriciləri və aşağı texnologiya ilə tanınırdı. Bu səbəbdən uzun müddət “Çin maşınları keyfiyyətsizdir” imici formalaşdı”. Bu sözləri SİA-ya açıqlamasında

Performance Center Satış sonrası xidmət departamenti rəhbəri Razil Nağıyev deyib.

Razil Nağıyev sözlərinə belə davam edib: “Son 5 ildə Çin avtomobil sənayesi çox sürətlə inkişaf edib. Bir çox Çin markaları texnoloji baxımdan BAİC, BYD, Geely, Changan, Haval, və s. artıq Avropa və ABŞ standartlarına cavab verən hibrid və elektrik modellər istehsal edir. Euro NCAP təhlükəsizlik sınaqlarında bəzi modellər yüksək bal toplayır. Premium seqmentdə artıq dəri salon, müasir multimedia, avtomatik sürücü dəstək sistemləri kimi texnologiyalar tətbiq edilir. Avropa dizaynerləri və mühəndisləri işə götürülüb, nəticədə daha cəlbedici dizaynlar ortaya çıxır. Avropa və Yapon avtomobilləri ilə müqayisədə bəzi Çin modellərinin uzunmüddətli dözümlülüyü ilə hələki bir addım geridə qalmasına baxmayaraq müsbət istiqamətdə günbəgün inkişaf etməkdədir. Hələ bazarda yeni olduqları üçün Çin avtomobillərinin ikinci əl bazarı tam olaraq formalaşmayıb və avtomobillərin sayı artıqca ikinci əl bazarı da paralel olaraq yaranacaq.

Qeyri rəsmi şəkildə gətirilən Çin avtomobillərinin istehsalçı zəmanəti və öhdəliyi olmadığından alıcılarda bəzən sual yaradır amma rəsmi servislərdən alınan avtomobillərdə problemlər demək olar ki, az saydadır, hətta olsa belə rəsmi ditrubutor tərəfindən həll edilir. Ümumi nəticəyə baxsaq, ucuz seqmentdə olan Çin maşınları daha əlçatan qiymətə uyğundur, lakin orta və yüksək seqmentdə baxsaq artıq Avropa və Yapon istehsalçılarına real rəqib olmağa başlayıblar, xüsusilə də elektrik avtomobillərində”.

Ayşən Vəli