Siyasət

“Ukraynanın təhlükəsizliyi əsas məsələ olaraq qalır”


“Tramp nədənsə Putinin nazı ilə hələ çox oynayır. Bunu Alyaska görüşünün açıqlanan nəticələri də göstərdi. Bu gün Amerikada keçirilən Zelenski–Tramp görüşünün nəticələri də bu qənaətə gəlməyə əsas verir”. Bu sözləri SİA-ya açıqlamasında siyasi ekspert Aydın Quliyev deyib.

Onun sözlərinə görə, Vaşinqtonda Zelenski və Avropa liderləri ilə həm ayrılıqda, həm də birlikdə keçirilən görüşlərin nəticələri barədə hələlik tam danışmaq tezdir. Amma verilən rəsmi məlumatlar və aparılan təhlillər bəzi ilkin qənaətlərə gəlməyə imkan verir.

Ən mühüm nəticə budur ki, Ukraynanın təhlükəsizliyi və ərazi bütövlüyü bütün görüşlərdə əsas məsələ olaraq qalır: “Bununla bağlı maraqlı tərəflərin – o cümlədən Ukraynanın – vahid qənaətə və razılaşmaya gəldiyini demək hələ tezdir.

Vaşinqtonda keçirilən son görüşdə Ukraynanın ərazi məsələsi birbaşa Zelenski ilə Putinin müzakirəsinə buraxılıb. Bu da doğru yanaşma kimi görünür, çünki Ukraynanın iştirakı və razılığı olmadan onun əraziləri ilə bağlı hər hansı bir qərar vermək və ya alver aparmaq mümkünsüzdür.

Digər tərəfdən, ikinci dəfə Vaşinqton görüşündə Tramp Ukraynanın təhlükəsizliyini Avropa ölkələrinə “satdı”. Məlumata görə, ABŞ təhlükəsizliyə zəmanət versə də, maliyyə yükünü tamamilə Avropa ölkələrinin üzərinə qoyub. Avropa ölkələrinin 100 milyard avro ödəməsi müqabilində ABŞ bu təhlükəsizliyin təmin olunmasında iştirakçı olduğunu bəyan edib. Bundan əlavə, Ukrayna ilə ABŞ arasında 50 milyard avro dəyərində birgə dron istehsalı razılaşması əldə olunub və bu vəsait də Ukraynanın üzərinə düşür.

Ümumilikdə isə ABŞ və Avropa ölkələrinin Ukraynanın təhlükəsizliyi məsələsində birgə mövqe nümayiş etdirməsi bu görüşün əsas nəticəsi sayılır. Lakin bu zəmanətlərin Rusiya tərəfindən qəbul olunub-olunmayacağı hələlik bəlli deyil. Tramp Alyaska görüşündən sonra açıq şəkildə bildirdi ki, ABŞ Ukraynanın təhlükəsizliyi ilə maraqlana bilər, amma zəmanəti Çin və Rusiya müəyyən etməlidir. Bu isə kifayət qədər maksimalist və mübahisəli yanaşmadır.

Çünki Rusiya və Qərb Ukraynanın təhlükəsizliyinə fərqli yanaşır: Avropa bir sistem düşünür, Rusiya isə tamamilə başqa. Bu ziddiyyətin nə vaxt aradan qalxacağı məlum deyil. Əgər ABŞ görüşündən sonra Tramp, Zelenski və Putinin üçtərəfli görüşü baş tutarsa, bu, 18 avqust Vaşinqton görüşünün ən böyük nəticəsi ola bilər. Amma indiki şəraitdə Zelenski ilə Putinin bir masa arxasında oturması real görünmür.

Əgər 22 avqustda və ya yaxın günlərdə belə bir görüş baş verərsə, bu, Vaşinqton danışıqlarının ən önəmli nailiyyəti olacaq”.