Dünya

Rusiyanın dördüncü regionunda benzin yoxa çıxıb




Kuril adaları adambaşına 10 litrdən çox yanacağın satışını qadağan edib…



Ukraynanın pilotsuz təyyarələrinin zərbələri dörd böyük neft emalı zavodunu sıradan çıxarıb və ölkənin neft emalının təxminən 13 faizini iflic vəziyyətinə saldıqdan sonra Rusiyanın daha bir bölgəsi benzin çatışmazlığı ilə üzləşib. SİA-nın əldə etdiyi məlumata görə, bu barədə “Moskva Tayms” yazır.

İşğal olunmuş Krım, Transbaykaliya və Primoryedən sonra Kuril adalarında (Saxalin vilayətinin bir hissəsi) yanacaq qıtlığı yaranıb.

Çərşənbə günü, avqustun 20-dən Kurilski rayonunda benzin satışına məhdudiyyətlər tətbiq edilib – hər bir müştəriyə 10 litrdən çox olmayan…

Bunu Kuril Bələdiyyə Dairəsinin administrasiyası bildirib. Benzin xüsusi və fövqəladə hallar üzrə xidmətlərə, həmçinin “rayon həyatını təmin edən” hüquqi şəxslərə prioritet qaydada veriləcək.

…Anlayışınıza və səbrinizə ümid edirik, – deyə rayonun mətbuat xidmətindən bildirilib.

Benzin qıtlığı ən azı avqustun 24-dək davam edə bilər, o vaxta qədər İturup 19,4 ton Aİ-92 və 19,6 ton Aİ-95 alacaq. Administrasiya əmin edib ki, “Anatoli İvanov” gəmisi yaxın günlərdə adaya yola düşəcək.

Avqustun əvvəlindən Rusiyada Sızran, Novokuybışevski, Saratovski və Volqoqrad neft emalı zavodları pilotsuz təyyarələrin zərbələrinə görə bağlanıb.

Moskva və regionu yanacaqla təmin edən “Rosneft”in Ryazan zavodu gücünün yarısını dayandırıb. Slavyanski, Afipski və Novoşaxtinski neft emalı zavodları da dronların hücumuna məruz qalıb.

Əli Babayev