Siyasət

Avropada liderlik böhranı və Azərbaycanla fərqlər


“Avropada son illərdə müşahidə olunan siyasi liderlik böhranı artıq həm regional, həm də qlobal miqyasda ciddi müzakirə olunan mövzulardan biridir. Avropa İttifaqının daxilində artan siyasi parçalanmalar, populizmin yüksəlişi, bir sıra ölkələrdə sabit hökumətlərin formalaşmasında çətinliklər, eləcə də sosial-iqtisadi gərginliklər bu böhranın əsas səbəblərindən hesab olunur”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Polad Mehdiyev deyib.

Onun sözlərinə görə, liderlik böhranı özünü daha çox Avropa dövlətlərinin qlobal miqyasda vahid mövqedən çıxış edə bilməməsi, həmçinin daxildə cəmiyyətin inamını itirmiş siyasi fiqurların önə çıxmasında göstərir: “Digər tərəfdən, ABŞ-ın siyasi ritorikası və xüsusilə Donald Trampın sərt, bəzən isə qeyri-diplomatik üslubu Avropa siyasi mühitinə birbaşa təsir göstərir. Trampın siyasətində açıq sözlülük, kompromisdən uzaq mövqe və “Amerika hər şeydən öndədir” prinsipi, Avropa liderlərinin zəif və qeyri-müəyyən görünməsini daha da qabardır. Əslində, bu, Avropanın liderlik böhranını daha da dərinləşdirən amillərdən biridir. Çünki ABŞ-ın belə sərt mövqedən çıxış etdiyi bir dövrdə Avropa siyasi elitası arasında eyni gücdə və qətiyyətdə fiqurun olmaması nəzərə çarpır.

Azərbaycan liderliyi ilə müqayisə apardıqda isə fərq aydın görünür. Prezident İlham Əliyev regional və beynəlxalq müstəvidə çıxışları, prinsipial mövqeyi və dövlət maraqlarını qətiyyətlə müdafiə etməsi ilə seçilir. Onun apardığı siyasət həm ölkə daxilində, həm də beynəlxalq platformalarda dövlət başçısına güclü lider obrazı qazandırır. Tramp kimi sərt ritorikadan istifadə etməsə də, İlham Əliyevin siyasi davranışı dəqiq, qətiyyətli və balanslıdır. Bu isə həm beynəlxalq müzakirələrdə, həm də ikitərəfli münasibətlərdə Azərbaycanın mövqeyini gücləndirir.

Avropadakı liderlik böhranı ABŞ-ın siyasi ritorikasının təzyiqi altında daha da qabarıq şəkildə üzə çıxır. Trampın sərt mövqeyi ilə müqayisədə Avropa siyasi liderləri zəif görünür. Azərbaycan liderliyi isə tam əksinə, həm regionda, həm də beynəlxalq münasibətlərdə güclü və prinsipial mövqeyi ilə fərqlənir. Bu fərq göstərir ki, liderlik böhranı əslində təkcə daxili siyasi amillərlə bağlı deyil, həm də liderlərin şəxsi xarizması, dövlət maraqlarını müdafiə etmək qətiyyəti və beynəlxalq münasibətlərdə mövqeyini aydın ifadə edə bilməsi ilə sıx bağlıdır”.