Siyasət

Kəlbəcər şəhərinin doğma sakinlərinə qovuşduğu gün


25 noyabr 2020-ci il tarixində Prezident İlham Əliyev xalqa müraciət edərkən Kəlbəcər şəhərinin və rayonun kəndlərinin yenidən qurulacağını bildirdi. Dövlətimizin başçısı İlham Əliyev digər azad edilmiş ərazilərimiz kimi, Kəlbəcərə də çoxsaylı səfərləri zamanı yeni obyektlərin, yaşayış məntəqələrinin təməlqoyma mərasimlərində, açılışlarında iştirak etdi, görülən, həyata keçiriləcək işlərlə tanış oldu, tapşırıq və tövsiyələrini verdi. Ölkə Prezidentinin işğaldan azad olunmuş ərazilərə hər səfəri regionun dirçəlməsi üçün vacib olan infrastruktur layihələrinin icrası ilə müşayiət edilir və kəlbəcərlilərin doğma yurdlarına qayıdışını günbəgün yaxınlaşdırdı. Nəhayət, həmin gün gəldi. 21 avqust tariximizə Kəlbəcər şəhərinin sakinlərinə qovuşduğu tarixi gün kimi yazıldı. Dövlət başçısı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva avqustun 21-də Kəlbəcər rayonunda çoxsaylı sosial obyektlərin açılışı və təməlqoyma mərasimlərində iştirak etdilər, Kəlbəcər şəhərində 1-ci yaşayış kompleksinin ərazisində fərdi və çoxmərtəbəli evlərdə yaradılan şəraitlə tanış olub, buraya köçən sakinlərlə görüşdülər. Görüşdəki çıxışında “Bu gün sizin həyatınızda tarixi bir gündür. Doğma Vətənə, doğma şəhərə 32 ildən sonra qayıdırsınız və bu münasibətlə sizi ürəkdən təbrik edirəm. Biz ədaləti bərpa etdik, haqqımızı bərpa etdik və bugünkü tədbir bir daha onu göstərir ki, Azərbaycan xalqı iradəli xalqdır. Azərbaycan xalqı öz doğma torpağına bağlıdır və bütün çətinliklərə baxmayaraq, işğal dövründə biz nəinki inamımızı itirməmişik, hər birimiz – bütün xalq hər gün bu müqəddəs günü yaxınlaşdırırdı” söyləyən Prezident İlham Əliyev bildirdi ki, Kəlbəcər şəhəri indi dünyanın ən gözəl mənzərəli şəhərlərindən birinə çevrilir. Birinci mərhələdə Böyük Qayıdış Proqramı çərçivəsində Kəlbəcər şəhərində dörd yaşayış kompleksinin inşası nəzərdə tutulur və bu binalarda 10 mindən çox insan yaşayacaq.

Bu fikirləri Milli Məclisin deputatı Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.

Millət vəkili vurğilayıb ki, dövlətimizin başçısı İlham Əliyevin hər bir çıxışı 30 illik işğal, 44 günlük Vətən müharibəsi, eyni zamanda, müharibədən sonrakı dövrün reallıqları barədə ətraflı məlumatın əldə olunmasında zəngin mənbədir. Kəlbəcərin 1993-cü il aprelin əvvəlində işğal altına düşməsi məhz ovaxtkı bədnam hakimiyyətin – AXC-Müsavat cütlüyünün səriştəsizliyi, xəyanəti nəticəsində olmuşdur. Ondan sonrakı dövrün reallıqları bəllidir. Prezident İlham Əliyevin Kəlbəcər şəhərinin sakinləri ilə görüşündə vurğuladığı kimi, uzun sürən danışıqlar heç bir nəticə verməmişdi, verə də bilməzdi. Çünki Ermənistan bir qarış torpaq qaytarmaq fikrində deyildi və danışıqlarda, sadəcə olaraq, görüntü yaratmaq naminə iştirak edirdi. Bu məsələ ilə məşğul olmalı olan üç ölkə – Fransa, Rusiya və Amerika məsələni həll etmək əvəzinə, münaqişəni dondurmaq istiqamətində işlər aparırdı və faktiki olaraq erməni işğalına hüquqi don geyindirmək üçün dəridən-qabıqdan çıxırdı. Məhz buna görə münaqişə sülh yolu ilə həll olunmadı.

Vüqar Rəhimzadə vurğulayıb ki, dövlətimizin başçısının çıxışlarında, o cümlədən də Kəlbəcər şəhərinin sakinləri ilə görüşündə bu çağırış bir daha bəyan edildi ki, əgər Ermənistana qarşı o vaxt ciddi sanksiyalar tətbiq edilsəydi, işğalçı dövlət böyük dövlətlər tərəfindən cəzalandırılsaydı, Ermənistan bizim torpaqlarımızı sülh yolu ilə qaytara bilərdi. Sadəcə olaraq, onlara qarşı zərrə qədər təzyiq göstərilmədi, əksinə, onlar üçün bütün imkanlar açıldı. Bəzi ölkələr onlara milyardlarla dollar dəyərində pulsuz silahlar verirdi. İkinci Qarabağ müharibəsi və antiterror əməliyyatı nəticəsində məhv etdiyimiz və hərbi qənimət kimi götürdüyümüz Ermənistan ordusuna xaricdən verilən silahların qiyməti təqribən 5-6 milyard dollar dəyərindədir. Bütün bu silahlar onlara bir məqsədlə pulsuz verilirdi ki, işğal davam etsin, azərbaycanlılar heç vaxt öz dədə-baba torpaqlarına qayıtmasınlar, Ermənistanla Azərbaycan arasında bu münaqişə sülh yolu ilə həll olunmasın.

Azərbaycan tarixi Zəfərimizi şərtləndirən bütün amilləri təmin etdi. Hər gün, hər saat Zəfər günümüzü yaxınlaşdırdı. Belə ki, güclü iqtisadiyyat qurduq, beynəlxalq müstəvidə Ermənistan işğalçı dövlət kimi ifşa edildi. Azərbaycanın ədalətə və beynəlxalq hüquqa söykənən siyasəti nəticəsində bir çox aparıcı beynəlxalq təşkilatlar mövqeyimizi qəbul etməyə məcbur oldular. İqtisadi imkanlarımız ordu quruculuğunu təmin etdi. Ən müasir silahlar alındı. Vətənpərvər gənc nəsil yetişdi. O gənc nəsil ki, 44 günlük İkinci Qarabağ müharibəsində sinəsini qabağa verib torpaqlarımızı düşməndən azad etdi. Azərbaycan dövləti və Azərbaycan xalqı bir yumruq kimi birləşdi. Vətən müharibəsinin rəmzinə çevrilən “Dəmir yumruq” həm gücümüzün, həm də birliyimizin təqdimatı oldu. Tarixi Zəfərimizdən 2023-cü ilin sentyabrınadək olan dövrün hədəfi isə suverenliyimizin tam bərpası idi. Azərbaycan buna da nail oldu. Silahlı Qüvvələrimizin Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə həyata keçirdiyi bir günlük antiterror tədbirləri nəticəsində suverenliyimiz tam bərpa edildi. Ölkə Prezidenti Kəlbəcər şəhərinin sakinləri ilə görüşündə bu reallıqlara bir daha diqqəti yönəldərək bildirdi ki, bizim üçün 2023-cü ilin 19-20 sentyabrı 8 noyabr qədər şərəfli və tarixi günlərdir. O vaxtdan bu yana Azərbaycan xalqı sülh şəraitində yaşayır və bundan sonra da sülh şəraitində yaşayacaq. Ermənistan-Azərbaycan normallaşması prosesi demək olar ki, başa çatıb və imzalanmış sənədlər bizim maraqlarımızı tam təmin edir. Mənfur Minsk qrupu artıq son günlərini yaşayır. Faktiki olaraq o, heç bir fəaliyyət göstərmirdi və göstərə də bilməzdi. Ancaq hüquqi cəhətdən mövcud idi, indi onun da sonu yaxınlaşır. Ermənistanla sülh müqaviləsinin müəllifi də bizik. O bəndlərin tərtibatında da mövqeyimiz hər zaman əsas götürülmüşdür. Bu sənədin paraflanması faktiki olaraq Ermənistan-Azərbaycan qarşıdurmasına son qoyur. Bununla bərabər, bizim tarixi diyarımız olan Naxçıvanla quru bağlantısı da təmin edildi.

Milli Məclisin deputatı bildirib ki, dövlətimizin başçısı İlham Əliyev sözügedən görüşdəki çıxışında tarixi Zəfərimizdən sonrakı dövrün reallıqlarına da xüsusi diqqət yönəltdi. Reallıq budur ki, Ermənistanın havadarları, müxtəlif ölkələr və dairələr ölkəmizə qarşı kampaniyaya başladılar. Azərbaycanı cəzalandırmaq, sanksiyalar tətbiq etmək və digər səylər göz önündə idi. Onların heç biri həyata keçmədi. Azərbaycan atdığı hər bir addımında ədalətə və beynəlxalq hüquqa söykənir. Müharibəni öz torpaqlarında aparmışdı. Bəzi ölkələr kimi heç bir ölkənin torpağını zəbt etməyib, etnik təmizləmə aparmayıb, şəhər və kəndlərini viran qoymayıb. Azərbaycanın mövqeyi beynəlxalq təşkilatlar çərçivəsində hər zaman ədalətli mövqe kimi qəbul olunur. Dövlətimizin xarici siyasətinin dəyişməz prinsipləri daim ona yeni dostlar, tərəfdaşlar qazandırır. Ölkəmiz ərazi bütövlüyünü və suverenliyini BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında tam bərpa edib. Dövlət başçısı İlham Əliyevin bu günlərdə ABŞ Prezidenti Donald Trampın dəvəti ilə bu ölkəyə işgüzar səfəri çərçivəsində Vaşinqton şəhərində, dünyanın bir nömrəli ofisində – Ağ Evdə imzalanmış sənədlər bütün bu qəbuledilməz səylərə son qoydu. Əldə edilən tarixi sülh razılaşması Azərbaycanın beynəlxalq nüfuzunun, ədalətli mövqeyinin bir daha təsdiqi oldu.

Vüqar Rəhimzadə vurğulayıb ki, dövlətimizin başçısı İlham Əliyevin hər bir çıxışı mühüm çağırışlarla zəngin olur. Bu baxımdan Kəlbəcər şəhərinin sakinləri ilə görüşü də xüsusilə diqqətdədir. Bugünkü tariximizin uğur, Zəfər səhifələri təhlil edilməklə yanaşı, 30 illik işğal dövrünün reallıqları da diqqətdən kənarda qalmadı. Düşmənin zaman-zaman Azərbaycan xalqının başına gətirdiyi faciələr vurğulandı. “Biz düşməndən qisasımızı döyüş meydanında aldıq. Biz bir daha xalqımızın böyüklüyünü göstərdik. Onların bizə etdiklərini biz onlara etmədik. Halbuki onların etdikləri heç vaxt yaddaşımızdan silinməyəcək. O cümlədən kəlbəcərlilərə qarşı edilən hərbi cinayətlər, soyqırımı, Xocalı soyqırımı, digər bölgələrdən olan vətəndaşlarımıza qarşı düşmənçilik, ədavət və vəhşilik heç vaxt yaddaşımızdan silinməyəcək və silinməməlidir” söyləyən Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev bu çağırışı da etdi ki, bunu mən həm müharibəni qazanan ölkənin Ali Baş Komandanı, bu gün məğlub edilmiş Ermənistanla sülh prosesinin iştirakçısı kimi deyirəm. Biz istəmirik ki, müharibə olsun. Biz sülh istəyirik. Ancaq heç vaxt o qanlı tarix yaddaşımızdan silinməməlidir, heç vaxt şirin sözlərə aldanmamalıyıq, ayıq olmalıyıq. Təbii ki, bizim Silahlı Qüvvələrimiz hər an, hər gün dövlətimizin maraqlarının, təhlükəsizliyin keşiyindədir. Biz mümkün olan təhlükə mənbələrini izləyirik, görürük və görəcəyik. Biz hərbi gücümüzü artırırıq. Əgər bizə qarşı hər hansı bir təhlükə çıxarsa, onda yenə də bizim “dəmir yumruğ”umuzu hər kəs görəcək.