“Təhsil insanların sosial pillələr arasında irəliləməsinə imkan verir”
“Təhsil insanların sosial mobilliyasında, onların sosial statusunun yenilənməsində, təkmilləşməsində və dəyişməsində mühüm amillərdən biridir”. Bu barədə SİA-ya açıqlamasında sosioloq Üzeyir Şəfiyev deyib.
Onun sözlərinə görə, təhsil vasitəsilə insanlar sosial pillələr arasında irəliləyə bilirlər: “Məsələn, hər hansı bir sahədə mütəxəssis olmaqla, yaxud ictimai nüfuzunu artırmaqla insanlar həm karyera baxımından, həm də sosial status baxımından irəliləyiş əldə edirlər. Yəni, təhsil sosial mobilliyə təsir edən əsas amillərdəndir.
Təhsil insanın bilik və bacarıqlarını, mədəni səviyyəsini və dünya görüşünü artırır ki, bu da istər-istəməz onun sosial statusuna müsbət təsir göstərir. Təhsilli insanların artması cəmiyyətin intellektual potensialını gücləndirir və ölkənin keyfiyyətli əhali indeksinə birbaşa təsir edir. Hesab edirəm ki, təhsil bu indeksin formalaşmasında mühüm rol oynayır. Sağlamlıq və təhsil göstəriciləri keyfiyyətli əhalinin əsas tərkib hissəsidir.
Bütün təhsil pillələri – ibtidai, orta, ali və peşə təhsili – insanın sosial statusuna təsir edir və onun cəmiyyətdəki yerini müəyyənləşdirir. Azərbaycanda da əhalinin təhsil səviyyəsinin artırılması üçün maksimum səylər göstərilməlidir. Çünki təhsil artdıqca insan kapitalı formalaşır və ölkənin inkişafı təmin olunur. Cənab Prezidentin də vurğuladığı kimi, neft kapitalını insan kapitalına çevirmək əsas hədəflərdəndir. Bu, insana – onun bacarıqlarına, təhsilinə və inkişafına – sərmayə qoymaq deməkdir.
Bir ölkənin gücü onun təhsilli və bacarıqlı vətəndaşlarının sayıyla ölçülür. Təhsil alanların səviyyəsi artdıqca ölkə beynəlxalq nüfuz da qazanır. Bu da dövlətlərin reytinq və indekslərində ön sıralarda yer almağa imkan verir.
Azərbaycan XIX əsrdən etibarən Avropa təhsilinə açılıb. Hazırda Azərbaycan gəncləri dünyanın aparıcı universitetlərində təhsil alırlar. Ölkə daxilində də təhsilə maraq artıb. Xüsusilə qızların və qadınların təhsilə meyli bu sahədə ciddi müsbət dəyişikliklərə səbəb olur. Unutmayaq ki, bir qadın təhsil alırsa, deməkdir ki, bir ailə təhsil alır. Bu da bütövlükdə cəmiyyətin intellektual səviyyəsinin yüksəlməsinə və keyfiyyətli əhali göstəricilərinin artmasına gətirib çıxarır”.