Siyasət

“Vaşinqton səfəri tarixi nəticələr verdi”


“Azərbaycan Prezidentinin Vaşinqton səfəri tarixi bir səfər oldu və hələ uzun müddət öyrəniləcək, araşdırılacaq nəticələr əldə olundu”. Bu barədə siyasi ekspert Abutalıb Səmədov SİA-ya açıqlamasında bildirib.

Onun sözlərinə görə, sülh sazişi paraflandı: “Xarici İşlər nazirləri tərəfindən paraflanma baş verdi. Bu o deməkdir ki, artıq sənədin mətnində heç bir dəyişiklik edilə bilməz. Ermənistan konstitusiyasında Azərbaycanın ərazi bütövlüyünə qarşı olan iddialar çıxarıldıqdan sonra sülh sazişi imzalanacaq. Zəngəzur dəhlizi ilə bağlı irəliləyiş əldə olundu. Uzun sürən süründürməçiliyə son qoyuldu və bölgədə ciddi geosiyasi dəyişikliklərə yol aça biləcək addımlar atıldı. Hətta bir məqamda Zəngəzur dəhlizinin 99 illik ABŞ-a icarəyə verilməsi təklifi gündəmə gəldi. Əgər bu baş versə, infrastrukturun qurulması və təhlükəsizlik məsələlərinin həlli qısa müddətdə mümkün olar. Minsk prosesinə dair strukturların ləğvi baş tutdu. Bu, Azərbaycanın əsas tələblərindən biri idi. Ermənistan, sülh sazişi imzalandıqdan sonra ATƏT-in Minsk qrupu və konfransı kimi strukturların ləğvini qəbul etməyə razı olmuşdu. Amma Vaşinqtonda saziş imzalanmadan bu addımı atmağa razılaşdı. Artıq bu təklif ATƏT-ə göndərilib və ilin sonunadək həmin strukturlar rəsmi olaraq ləğv olunacaq.

ABŞ-Azərbaycan arasında strateji tərəfdaşlıq haqqında memorandum üzrə ilkin addımlar atıldı və bu da dövlətlərarası münasibətlər baxımından çox mühüm hadisədir. Təbii ki, başqa vacib məsələlər də müzakirə olunub, amma əsas və diqqətəlayiq nəticələr bunlardır”.