Üçtərəfli əməkdaşlıq regional təhlükəsizliyə də töhfə verəcək
“Azərbaycan, Türkmənistan və Özbəkistan yüksəksəviyyəli görüşü böyük perspektivlər vəd edir. Hər 3 ölkə açıq dialoq vasitəsi ilə çoxtərəfli qarşılıqlı münasibətləri inkişaf etdirmək niyyətini ortaya qoydu. Son dövrlər xüsusilə aktivləşən Bakı-Aşqabad münasibətləri daha geniş əməkdaşlıq formatına zəmin yaratdı. Yüksəksəviyyəli siyasi dialoq qarşılıqlı hörmət və bərabərhüquqluluq prinsiplərinə söykənir. Qardaş Türkmənistan həm də işğaldan azad olunmuş ərazilərin bərpasında iştirak edəcək. Bu da bütövlükdə türk dünyasının prosesə töhfəsi kimi qiymətləndirilməlidir”. Bu sözləri SİA-ya açıqlamasında deputat Nigar Məmmədova deyib.
Nigar Məmmədova sözlərinə belə davam edib: “Liderlərin Türkmənbaşıda apardığı müzakirələrdən, səslənən bəyanatlardan, əldə olunan razılaşmalardan bir daha aydın oldu ki, siyasi-iqtisad-nəqliyyat, mədəni-humanitar sahələrdə yeni perspektivlər mövcuddur. Ən əsas məsələ – 3 qardaş ölkə sülhün, sabitliyin tərəfdarıdır və üçtərəfli əməkdaşlıq regional işbirliyi ilə yanaşı, regional təhlükəsizliyə də töhfə verəcək. Bakı, Aşqabad və Daşkənd mövcud iqtisadi potensialı bütövlükdə Avrasiyanın inkişafına yönəltməyin tərəfdarıdır. Tərəflər Avropanı Asiya ilə birləşdirən nəqliyyat dəhlizləri çərçivəsində Mərkəzi Asiyanın və Xəzər hövzəsinin nəqliyyat infrastrukturunun gücləndirilməsi imkanlarını nəzərdən keçirdilər.
Hədəf qarşıdakı dövrdə üçtərəfli əlaqələri gücləndirməkdir. Azərbaycanın böyük qələbəsindən sonra Cənubi Qafqaz regionunda əməkdaşlığın genişləndirilməsi baxımından yeni imkanlar yaranıb. Üstəlik, dünyada alternativ və təhlükəsiz nəqliyyat dəhlizlərinə ehtiyac olduğu bir vaxtda, həm Mərkəzi Asiyanın, həm də Cənubi Qafqazın geosiyasi əhəmiyyəti daha da artıb. Coğrafi mövqe, iqtisadiyyat və nəqliyyat-kommunikasiya imkanları faydalı əməkdaşlığa zəmin yaradır. Türkmənbaşıda liderlər bir daha bəyan etdi ki, əsas məqsəd dayanıqlı inkişafı təmin etməkdir. Bunun üçün isə regionda fəaliyyətdə olan və perspektivli marşrutların birləşdirilməsi planları nəzərdən keçirilir. Təsadüfi deyil ki, tərəflər logistika infrastrukturunun inkişafı layihələri üzərində birgə iş aparılması və Xəzər dənizi vasitəsilə bərə daşımaları üzrə razılığa gəldilər.
Həmçinin, üç ölkənin energetika sahəsində əməkdaşlıq perspektivləri də mövcuddur.
Əminliklə söyləmək olar ki, bu tarixi görüş qarşılıqlı faydalı əməkdaşlığın dərinləşməsinə, həmçinin regional inteqrasiya proseslərinin sürətlənməsinə xidmət edəcək. Prezident İlham Əliyevin də söylədiyi kimi: “Bizim bölgəmizdə yeni, çox perspektivli, sülhə və tərəfdaşlığa yönəlmiş əməkdaşlıq formatı yaradılır.”