Sosial

“Kəlbəcərə ailələrin köçürülməsi Böyük Qayıdışın real mərhələyə keçdiyini göstərir”


“Böyük Qayıdış” proqramı Azərbaycan dövlətinin son illərdə həyata keçirdiyi ən strateji və tarixi layihələrdən biridir. Bu proses təkcə insanların doğma torpaqlarına qayıdışı deyil, həm də regionun sosial, iqtisadi və siyasi həyatında yeni mərhələnin başlanğıcıdır. Kəlbəcərə ilk ailələrin köçürülməsi isə bu istiqamətdə atılan ən mühüm addımlardan biridir və artıq praktiki nəticələrin göz önünə çıxmasına şərait yaradır”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Aydın Mirzəzadə deyib.

Onun sözlərinə görə, Kəlbəcər Azərbaycanın ən çətin coğrafi ərazilərindən biridir. Burada məskunlaşma üçün yolların çəkilməsi, kommunikasiya xətlərinin qurulması, elektrik, su və qaz təchizatı ilə bağlı işlər böyük zəhmət tələb edir: “Son görülən işlər isə göstərir ki, dövlət bu istiqamətdə ciddi maliyyə və texniki resurslar səfərbər edib. Yolların bərpası, yeni yaşayış məhəllələrinin salınması və kəndlərin müasir tələblərə uyğun yenidən qurulması köç prosesini real və davamlı edir. İkincisi, ailələrin köçürülməsi təkcə humanitar yox, həm də strateji əhəmiyyət daşıyır. İnsanların bölgəyə qayıtması, orada normal həyatın bərpası və əhalinin yerləşdirilməsi Azərbaycanın ərazi bütövlüyünün praktiki təsdiqi deməkdir. Bu, beynəlxalq aləmdə də ciddi mesajdır: Azərbaycan işğaldan azad etdiyi ərazilərdə sadəcə hərbi mövcudluq nümayiş etdirmir, eyni zamanda sosial həyatın dirçəlişini təmin edir.

Üçüncüsü, “Böyük Qayıdış” proqramı yalnız məskunlaşmanı deyil, iqtisadi inkişafı da nəzərdə tutur. Kəlbəcərdə kənd təsərrüfatı, turizm və bərpa olunan enerji sahələrində geniş potensial var. Dövlətin gördüyü işlər bu imkanların reallaşdırılmasına yönəlib. Bu, gələcəkdə bölgənin iqtisadi cəhətdən özünü təmin edən və ölkə iqtisadiyyatına ciddi töhfə verən bir məkana çevriləcəyini göstərir.

Sosial baxımdan da bu prosesin böyük əhəmiyyəti var. Doğma torpaqlara qayıdan insanların psixoloji-mənəvi bağlılığı möhkəmlənir, həmçinin gələcək nəsillər üçün güclü vətənpərvərlik nümunəsi yaranır. Burada məskunlaşan ailələr yalnız öz həyatlarını qurmaqla kifayətlənməyəcək, həm də bölgədə yeni ictimai həyatın təməlini qoyacaqlar.

Nəhayət, Kəlbəcərə köçürülən ailələrin sayı hələlik çox olmasa da, bu, simvolik və strateji bir başlanğıcdır. İlk ailələrin yerləşməsi bölgədə sabitliyin, təhlükəsizliyin və inkişafın təmin olunduğunu göstərir. Bu, həm bölgədə yaşayanlar, həm də qayıdışı gözləyən digər məcburi köçkünlər üçün güclü bir motivasiya amilidir. Ümumilikdə, Kəlbəcərə ailələrin köçürülməsi göstərir ki, Azərbaycan dövləti “Böyük Qayıdış”ı yalnız şüar səviyyəsində yox, real və davamlı bir proses kimi həyata keçirir. Bu, tədricən bütün Qarabağ və Şərqi Zəngəzur bölgələrində normal həyatın bərpa olunmasının əsasını qoyur”.