Siyasət

“Zəngəzur dəhlizi Avrasiya məkanını dəyişəcək”


“Zəngəzur dəhlizi təkcə regional yox, həm də beynəlxalq əhəmiyyətli bir layihədir və məhz elə bu səbəbdəndir ki, Vaşinqton görüşündə əldə edilən razılaşmadan sonra hər kəs bu dəhlizin bütün Avrasiya regionunun siyasi və iqtisadi xəritəsini dəyişdirəcəyinə dair bəyanatlarla çıxış edir”. Bunu SİA-ya açıqlamasında politoloq Rəşad Bayramov deyib.

Onun sözlərinə görə, bu da təbiidir, çünki Zəngəzur dəhlizi təkcə Naxçıvanla Azərbaycanın digər bölgələri arasında nəqliyyat körpüsü deyil, həm də Cənubi Qafqazı Avropa və Asiya ilə birləşdirən daha geniş regional nəqliyyat şəbəkəsinin bir hissəsidir: “Başqa sözlə ifadə etsək, bu dəhliz həm ölkəmizin Şərq və Qərbin mühüm iqtisadi tərəfdaşına çevrilməsi, həm də Naxçıvan Muxtar Respublikasının faktiki olaraq nəqliyyat-kommunikasiya blokadasından çıxarılması baxımından olduqca önəmlidir.

Bu dəhlizin Cənubi Qafqazda geosiyasi reallıqları dəyişəcək mühüm faktorlardan biri olacağına da şübhə yoxdur. Dəhliz tarixən etnik və ərazi münaqişələri ilə yadda qalan regionda sülh və sabitliyin möhkəmləndirilməsi potensialına da malikdir.

Belə ki, post-münaqişə şəraitində ölkələr arasında nəqliyyat əlaqələrinin bərpası sırf iqtisadi səmərə ilə yanaşı, həm də mühüm etimad quruculuğu rolunu oynaya və davamlı sülh üçün effektiv alət ola bilər.

Dəhlizin işə düşməsi təkcə Azərbaycan və Ermənistan üçün əhəmiyyətli deyil, həm də beynəlxalq ticarət və geosiyasi uyğunlaşmalar üçün daha geniş təsirlərə malikdir.

Dəhliz, qeyd etdiyim kimi, Azərbaycana öz eksklavına və Türkiyəyə birbaşa çıxış imkanı verir, regionda iqtisadi və siyasi əlaqələri gücləndirir. Ermənistan üçün bu, iqtisadi inkişaf və regional təşəbbüslərə inteqrasiya imkanı yaradır, potensial olaraq ənənəvi marşrutlardan asılılığını azaldır.

İran dəmir yolu ilə Fars körfəzindən Qara dənizə çıxış imkanı əldə edir və eləcə də həm İran, həm də Rusiya bir-birilə dəmir yolu əlaqəsi yaratmaq imkanı əldə edir.

Məlumdur ki, Zəngəzur dəhlizi Çinin “Bir kəmər – bir yol” layihəsinin Orta Dəhlizində yer alır. Çin mallarının Orta Dəhliz vasitəsilə Qərbə daşınması vaxt baxımından böyük üstünlüklər verir. Bununla yanaşı, Zəngəzur dəhlizi yeni enerji marşrutlarını təqdim etmə baxımından da regionun enerji mənzərəsini dəyişdirə biləcək bir dəhlizdir.

Bütün bunları nəzərə alaraq deyə bilərik ki, Zəngəzur dəhlizinin açılması Qafqazın və Avroasiya məkanının iqtisadi mənzərəsini dəyişməklə böyük bir coğrafiyada geosiyasi konfiqurasiyanın dəyişməsinə təkan verəcək”.