Siyasət

Laçında genişmiqyaslı quruculuq işləri


Yeni müstəqillik əldə etdiyimiz dövrdə baş vermiş siyasi səriştəsizlik, 90-cı illərin mürəkkəb sosial-siyasi vəziyyəti, namərd qonşularımız ermənilərin əsassız torpaq iddiaları 1992-ci ilin may ayının 18-də böyük strateji əhəmiyyətə malik Laçın rayonunun işğalı ilə nəticələndi. Laçının ermənilərə təhvil verilməsinin arxasında məkrli siyasi niyyətlər dayanmışdı. Laçının işğala məruz qalması, həm laçınlılar, həm də bütün Azərbaycan xalqı üçün böyük bir faciə idi. Aparılan düzgün siyasətin və Müzəffər Ordumuzun şücaəti və igidliyi sayəsində 30 il həsrətilə yaşadığımız Laçın işğaldan azad edilmişdir.​​​​​​​​​​​​

Vətən müharibəsində əldə etdiyimiz Qələbə nəticəsində imzalanmış üçtərəfli Bəyanata əsasən 2020-ci il dekabrın 1-də Laçın rayonu Azərbaycana təhvil verildi. Vətənimizin bu dilbər guşəsinin bir güllə atılmadan və qan tökülmədən qaytarılması Azərbaycanın həm hərbi, həm də siyasi-diplomatik gücünün göstəricisi idi. 2022-ci il avqustun 26-da isə Laçın şəhəri, Zabux və Sus kəndləri nəzarətə götürüldü. Prezident İlham Əliyevin Sərəncamı ilə 26 avqust Laçın Şəhəri Günü kimi müəyyən olunub. Strateji əhəmiyyətə malik olan Laçının azad olunması ilə Azərbaycan qərb sərhədlərinə nəzarəti təmin etdi. Azərbaycan dövlətinin Laçın rayonunda nəzarət-buraxılış məntəqəsi qurmasından sonra Qarabağdakı erməni separatçılarının son nəfəsliyi də bağlanmış oldu.​​​​​​​​​​​​​İşğaldan azad olunmuş torpaqlarda, o cümlədən Laçında böyük quruculuq işləri aparılır. Laçında həyata keçirilən genişmiqyaslı quruculuq işləri yüksək zövq və keyfiyyətlə aparılır. Baş plan layihəsində təbii yaşıllıqlarla əhatələnmiş şəhərin tarixən mövcud olmuş təxminən 258 hektar məskunlaşma ərazisində həyətyanı sahəsi olan fərdi evlərə üstünlük verilib. Bununla yanaşı, çoxfunksiyalı zonalarda və digər yaşayış ərazilərində çoxmənzilli binaların tikilməsi təklif edilir. Şəhərdə xəstəxana, İşğal və Zəfər muzeylərinin yerləşəcəyi Memorial Park, məktəbəqədər və tam orta təhsil müəssisələri, peşə məktəbi, həmçinin mədəniyyət və turizm obyektləri yaradılacaq. Planlaşdırmada tətbiq edilmiş “15 dəqiqəlik şəhər” prinsipi isə yaşayış məhəllələrinin, gündəlik tələbat obyektlərinin yaxın məsafədə olmasını və aşağı sürətli yol infrastrukturunun təşkilini nəzərdə tutaraq sakinlərin və qonaqların şəhər daxilində rahat hərəkətini təmin edəcək. Bu il 28 May – Müstəqillik Günündə Laçın Beynəlxalq Hava Limanının açılışı böyük siyasi, iqtisadi və strateji əhəmiyyət kəsb etdi. Üç qardaş ölkənin liderlərinin – Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Pakistanın Baş naziri Şahbaz Şərifin iştirakı ilə baş tutan açılış mərasimi bir neçə aspektdən diqqət çəkdi.

Azərbaycan, Türkiyə və Pakistan arasında getdikcə möhkəmlənən strateji, hərbi, diplomatik və iqtisadi müttəfiqlik Laçında bir daha öz təsdiqini tapdı. Laçındakı açılış mərasimi Türkiyə-Azərbaycan-Pakistan ittifaqının çoxqütblü münasibətlər sistemində tarazlaşdırıcı qüvvə və ya “Orta güc” olduğunu təsdiq etdi”.​​​​​Laçında bütövlükdə 1000-dən çox yaşayış evi tikilib və bərpa edilib. Laçınlılar 31 ildən sonra öz doğma kəndlərinə qayıdıblar. Böyük Qayıdışı təmin edəcək Dövlət Proqramına əsasən indiyədək Laçın şəhərinə 571 ailənin, yəni 2091 nəfərin, Zabux kəndinə 217 ailənin, yəni 823 nəfərin, Sus kəndinə 59 ailənin, yəni 215 nəfərin, Bəylik kəndinə 89 ailənin, yəni 363 nəfərin daimi məskunlaşması təmin edilib. Bu gün Laçında görülən işlər heyrətamizdir. Laçın çox yaxın gələcəkdə təkcə Azərbaycanın deyil, bölgəmizin ən füsunkar, ən gözəl məkanlarından birincisi olacaq.

Abil Ağasəfov YAP Qəbələ rayon təşkilatının sədri